Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması əhəmiyyətli addımdır
Ülkər Qarayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin müəllimi
Dili uzunömürlü edən isə yazıdır. Milli-mənəvi abidələrimiz sonrakı nəsillərə yazı vasitəsi ilə ötürülür. Türklər də yazısı, əlifbası olan xalqlar siyahısındadır. Albanların 52 hərfdən ibarət olan əlifbası mövcud olmuşdur. Ərəblərin işğalı nəticəsində alban əlifbası və bu əlifba ilə yazılmış abidələr məhv edilmiş, türklərin fonetik sisteminə uyğun olmayan ərəb əlifbası qəbul etdirilmişdir. Ən qədim abidəmiz hesab olunan "Kitabi-Dədə Qorqud " un da günümüzə gəlib çatan əlyazmaları ərəb əlifbasıyladır.
XlX əsrdə isə M.F. Axundzadə yeni əlifbası uğrunda mübarizə aparmış, lakin layihəsini həyata keçirə bilməmişdir. Sonralar Ə. Haqverdiyev, C. Məmmədquluzadə də ərəb əlifbasının mürəkkəbliyi, yazıb-oxuma zamanı çətinlik yaratması, türk dilinə uyğun olmaması məsələlərinə dəfələrlə toxunmuşdur.
Beləliklə 1920-ci ildə Azərbaycan Xalq Komissarları Sovetinin sədri N. Nərimanovun təşəbbüsü ilə yeni əlifbaya keçmək haqqında qərar qəbul edildi. Lakin bu qərarı həyata keçirmək heç də asan məsələ deyildi. Ona görə də Yeni Türk Əlifbası elmi şurası yaradılır və Bəkir Çobanzadə şuranın sədri təyin olunur. O, bütün türk xalqlarının dilçi alimlərinin toplaşaraq məşvərət keçirməsi və ortaq qərarlar qəbul etməsinin vacibliyini düşünərək 1926-cı ildə Bakıda l türkoloji qurultay çağırır. Qurultayda yeni əlifba bəyənilir, tətbiqinə qərar verilir, lakin qərarı həyata keçirmək mümkün olmur. SSRİ-nin müstəmləkə siyasətinin bir parçası olaraq kiril əlifbası qəbul etdirilir. SSRİ-nin süqutuna kimi Azərbaycan və SSRİ-yə daxil olan digər türk dövlətləri bu əlifbadan istifadə etmək məcburiyyətində qalır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra əlifba islahatı məsələsinə yenidən baxılır və latın qrafikalı əlifba qəbul olunur. 13 yanvar 2004-cü ildə İlham Əliyev "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncam verir. Bu sərəncama əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır.
14 yanvar 2004-cü ildə "Milli ensiklopediyanın nəşri", 2007-ci ildə "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında " sərəncamlarının verilməsi həm gənc nəsil üçün olduqca əhəmiyyətli idi, həm də bu sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində tətbiqi gerçəkləşmiş olur.
Dili canlı orqanizm hesab edə bilərik. Belə ki dildə də sözlər yaranır, müəyyən dövrdə ümumişlək olur, işləkliyini başa vurduqdan sonra isə "ölür"-passiv lüğət fonduna daxil olur. İşğallar, elmi-texniki tərəqqi, ictimai-siyasi münasibətlər dilə söz axınına səbəb olan amillərdir.
Uzun illər ərəb, fars, rus dillərinin dominantlıq təşkil etməsi ilə dilimiz bu dillərdən axın edən sözlərlə "çirklənmişdir". Hazırda isə bu proses qloballaşan dünya fonunda davam edir. 2018-ci ildə İ. Əliyevin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında "fərman və bu fərmanın icra etmək məqsədilə yaradılmış Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması əhəmiyyətli addımdır.
Dil dövlətçiliyimizin əsas simvollarındandır. Azərbaycan dili dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının birləşdirən dəyərdir. Dəyərlərimizə sahib çıxaq, ana dilimizi qoruyaq! Axı o bizə anamızın-vətənimizin əmanətidir.