Füzulinin dirçəlişində qardaş ölkələrin dəstəyi xüsusi qeyd olunmalıdır

Füzulinin dirçəlişində qardaş ölkələrin dəstəyi xüsusi qeyd olunmalıdır
Leyli Rüstəmova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor əvəzi

Füzuli Azərbaycanın ən qədim və zəngin bölgələrindən biridir. Qarabağın cənub-şərqində yerləşən bu rayon həm təbii şəraiti, həm də tarixi abidələri ilə diqqət çəkir. Ərazisi dağlıq və düzənlik hissələrdən ibarətdir, torpaqları məhsuldar, iqlimi əlverişlidir. Burada qədim yaşayış yerləri, türbələr, karvansaralar və məscidlər yerləşir. Füzuli tarixən mədəni və dini baxımdan zəngin bir ərazi olmuşdur.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzuli 27 il ərzində tamamilə dağıdılmış, şəhər və kəndlər viranə çevrilmişdi. Lakin 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 17 oktyabr tarixində Füzulini azad etdi. Bu tarix xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı və hər il “Füzuli şəhəri günü” kimi qeyd olunur.

Azadlıqdan dərhal sonra Füzuli rayonunda bərpa və yenidənqurma işləri geniş miqyasda həyata keçirilməyə başladı. Prezident İlham Əliyevin bu torpağa olan diqqəti və qayğısı nəticəsində qısa müddətdə mühüm layihələr gerçəkləşdirildi. 2020–2021-ci illərdə Füzuli şəhərində Azərbaycan bayrağı ucaldıldı, Zəfər yolunun, Füzuli–Şuşa və Füzuli–Hadrut avtomobil yollarının, Füzuli Beynəlxalq Hava Limanının və “Füzuli” yarımstansiyasının təməlləri qoyuldu. 2022-ci ildə Peşə Liseyinin və “Ağıllı kənd” layihəsinin təməlləri atıldı, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisi ilə tanışlıq oldu, yeni hərbi hissələr istifadəyə verildi.

2023-cü ildən etibarən Füzuli şəhərinin Baş planı təsdiqləndi, yeni yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, idman obyektləri və Rəqəmsal İdarəetmə Mərkəzi inşa edilməyə başladı. 2023 və 2024-cü illərdə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi, içməli su, kanalizasiya və yağış suları sistemlərinin təməli qoyuldu, Füzuli şəhərinə köç prosesi başlandı.

Füzulinin dirçəlişində qardaş ölkələrin dəstəyi xüsusi qeyd olunmalıdır. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli məktəb, Qazaxıstan Respublikasının dəstəyi ilə isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa olunub. Bu layihələr türk dünyası xalqları arasında qardaşlıq və birliyə gözəl nümunədir.

Füzuli həm də qəhrəmanlıq simvoludur. Vətən müharibəsində bu rayonun azad olunması uğrunda döyüşən əsgər və zabitlərimiz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif ediliblər. Onların igidliyi, fədakarlığı və vətən sevgisi xalqın qürur mənbəyinə çevrilib.

Hazırda Füzuli Böyük Qayıdış Proqramı çərçivəsində tamamilə yenidən qurulur. Rayonun infrastrukturu, sosial obyektləri, yaşayış binaları müasir şəhər standartlarına uyğun şəkildə tikilir. Əhalinin doğma yurdlarına qayıdışı üçün geniş şərait yaradılıb.

Bu gün Füzuli həm qəhrəmanlıq tariximizin, həm də yenidənqurma iradəmizin təcəssümüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işləri sayəsində Füzuli yaxın illərdə regionun ən müasir və abad şəhərlərindən birinə çevriləcək. Bu torpaq azadlığın, zəfərin və milli həmrəyliyin əbədi simvolu olaraq qalacaq.