Qənirə Abdullazadə
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin müəllimi
Dünya dövlətlərinin tarixi, o cümlədən diplomatiya və hərb tarixi göstərir ki, sınaq dövrü olan xüsusi keşməkeşli məqamlarda xalqların və dövlətlərin həyatında şəxsiyyətlərin rolu danılmazdır. Belə şəxsiyyətlərdən olan Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Ümummilli lider Heydər Əliyev ilk günlərdən etibarən Azərbaycanın xarici siyasətinə yeniliklər gətirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər Heydər Əliyev dövrün çağırışlarına cavab verən, ölkəmizi əhatə edən geosiyasi reallığı nəzərə alan və xalqımızın zəngin dövlətçilik tarixindən nəticə çıxaran xarici siyasət strategiyasını müəyyən etdi.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət kursunun əsas məqsədlərindən, milli maraqların formalaşması və təminatında əhəmiyyətindən və tarixi varislik ənənələrindən danışarkən bildirmişdir: “Biz bu siyasətin təməl prinsiplərini elə şəkildə yaratmışıq ki, yeritdiyimiz kurs dövlət müstəqilliyimizin əbədiləşdirilməsinə və ölkəmizin ərazi bütövlüyünün bərpasına xidmət etsin”.
İndiki dövrdə əbədi müstəqilliyimizi hədəf alan bu siyasət də cənab Prezident İlham Əliyev tərəfindən bu uğurla davam etdirilir. Ölkəmizin inkişaf dinamikasına və müstəqilliyinin yeni mərhələsinə, dövrün və beynəlxalq münasibətlərin dəyişən tələblərinə uyğun olaraq Heydər Əliyev strategiyasının təməl prinsipləri əsasında xarici siyasətimizin gündəliyində duran prioritetlər də yeniləşir.
Azərbaycanın 2012-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ölkəmizin dünya ölkələri ilə uğurlu ikitərəfli əlaqələrə malik olmasının göstəricisidir. İkitərəfli əlaqələrin inkişaf etdirilməsində qonşu dövlətlərlə hərtərəfli əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Azərbaycanın ikitərəfli siyasi, iqtisadi, humanitar və digər əlaqələri ardıcıl surətdə inkişaf edir. Qonşu dövlətlərlə ikitərəfli əməkdaşlığımız regional əməkdaşlıq mexanizmi olaraq üçtərəfli formatlarda da davam etdirilir.