Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi, Vətən müharibəsi qazisi
May ayının 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri olub. İki dövlət arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda Prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Qeyd edilib ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Səfər ikitərəfli əlaqələrimizi daha da gücləndirəcəkdir.
Bu gün Azərbaycan və İsrail arasında çox fəal siyasi dialoq və etibarlı əməkdaşlıq əlaqələri vardır. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaqdır. Prezident cənab İlham Əliyevin İsrail Prezidenti ilə birgə mətbuata verdiyi bəyanatında da qeyd olunur ki, “Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 32 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir. İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir.”
Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. İstər Birinci Qarabağ müharibəsində, istərsə də sonrakı dövrlərdə ölkəmizdə yaşayan xalqların nümayəndələri Vətən uğrunda canlarından keçiblər. Təsadüfi deyildir ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli milli qəhrəmanımız Albert Aqarunovun adı xüsusi çəkilir . Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi bu gün hamı üçün çox əzizdir. Onun xatirəsi böyük qədirbilənliklə əbədiləşdirilib. Vətən müharibəsi zamanı da Azərbaycanda yaşayan bütün dini icmalar, etnik azlıqlar dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdilər, Qarabağın azadlığı uğrunda ortaya qoyulan dəmir iradəni qətiyyətlə dəstəklədilər.
Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tariximədəni köklərə əsaslanır. Azərbaycan və İsrail xalqları daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər.