Afaq Səfərova
YAP Suraxanı rayonu təşkilatının fəal üzvü
Suraxanı rayonu 275 nömrəli tam orta məktəbin direktor müavini
Azərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında çox yazılıb, çox danışılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, Şuşa ədəbiyyatımıza , incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə həmişə seçilmişdir.
Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir.”
Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Müharibənin əsas məqsədlərindən biri Şuşanı işğaldan azad etmək idi. Təkcə ona görə yox ki, Şuşa Qarabağın döyünən ürəyidir. Ona görə ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi.
“Zəfər yolu” cəmi iki ilə yaxındır ki çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdılar. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada dalğalandırdılar. Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmadı.
Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında düşmən işğalından azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun sonu demək idi. Azərbaycan Ordusunda bir addım belə geri dönülmədi. Bu xalqımızın zəfərə olan inamından qələbə əzmindən xəbər verir. Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər.
Biz bu Qələbə ilə təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik.