Seyid Seyidov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nin Zığ qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin müavini
Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da 8 Mart - Beynəlxalq Qadınlar Günü sevilən bayramlardandır. Bizim qadınlar hər cür təbrikə, ən böyük sevgiyə layiqdirlər. Qadınlar cəmiyyətin çox dəyərli, əvəzedilməz nümayəndələridir. Tarixin bütün dövrlərində cəmiyyətdə qadının tutduğu mövqe mühüm məsələlərdən biri olub. Qadınlar tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayıblar.
Azərbaycanda çox mühüm dəyişikliklər, gözəçarpan yüksəliş baş verib. Ölkə rəhbərliyinin uğurlu dövlət idarəçiliyi, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, düşünülmüş və balanslaşdırılmış xarici siyasət Azərbaycanın regionda lider dövlətə çevrilməsini şərtləndirir. Bütün bu nailiyyətlər Azərbaycan qadınlarının özünü cəmiyyətdə təsdiq etməsi, eləcə də ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün imkanlar yaradır. Hazırda ölkəmizin elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Bu isə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi güclü dövlət qadın siyasətinin məntiqi nəticəsidir.
Azərbaycan qadınlarının təkcə ölkəmizdə deyil, dünya miqyasında əldə etdikləri uğur və nailiyyətlərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna fəaliyyəti xüsusi qeyd olunmalıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva özünün çoxşaxəli və effektiv fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın zəngin irsininin dünyada təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması, gənc nəslin sağlam mühitdə böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin inkişafı sahəsində əvəzsiz xidmətləri yüksək ali ideallara, xalqın və dövlətin milli maraqlarına söykənir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.
Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı dünyanın lider ölkələri sırasına çıxarıb. Ölkəmizdə qadın problemləri daim dövlətin diqqət mərkəzindədir və gender proqramı ardıcıl surətdə uğurla həyata keçirilir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Ölkəmizdə gender siyasətinin daha da gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl olaraq məqsədyönlü tədbirlər görülür. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Sonda fikrimi müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən cənab İlham Əliyevin fikirləri ilə yekunlaşdırmaq istərdim: “Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər”. Bəli, həqiqətən, bu gün Azərbaycan qadını - ənənələri, innovativliyi, intellekti və sosial aktivliyi özündə cəmləşdirir. Onlar, yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikada sahibkarlığın inkişafında fəal iştirak edirlər.
Əziz analar, bacılar, xanımlar, hər birinizi 8 Mart Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hamınıza xoş arzularımı bildirirəm. Hər gününüz sizə sevinc, şadlıq gətirsin. Sizin uğurunuz Azərbaycanımızın daha da güclənməsi və firavanlığı yolunda bir addım olsun.