YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

29 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

Növbəti belə görüş Əmircan qəsəbəsi, Ümmülbanu Mirzəqızı küçəsi 3 ünvanında yerləşən ərazi partiya təşkilatında (97 №-li tam orta ümumtəhsil məktəbi) keçirilib.  

Tədbiri giriş sözü ilə açan ƏPT-nin sədri, 97 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elnarə Məmmədova bildirib ki, Müasir dövrdə dövlətlərin inkişaf perspektivləri siyasi sabitliyin qorunması, milli maraqların təmin edilməsi, dəyişən beynəlxalq reallıqlara uyğun qərarların qəbul olunması və cəmiyyətin qarşıya qoyulan məqsədlər ətrafında birləşdirilməsi ilə sıx bağlıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın keçdiyi tarixi inkişaf yolunun dəyərləndirilməsi və qarşıdakı dövrün əsas vəzifələrinin müəyyənləşdirilməsi baxımından mühüm ictimai-siyasi əhəmiyyət daşıyır.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Fərəh Məcidzadə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Möhtərəm Prezident cənab İlham Əliyevin qurultaydakı çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin xüsusiyyətlərini, dövlətçilik prinsiplərinin qorunmasının vacibliyini və yeni çağırışlar qarşısında ardıcıl fəaliyyətin əhəmiyyətini ön plana çıxarır. Çıxışda səsləndirilən fikirlər göstərir ki, dövlətin əldə etdiyi nailiyyətlərin davamlılığı strateji məqsədlərin düzgün müəyyənləşdirilməsi, milli maraqların ardıcıl müdafiəsi və mövcud imkanlardan səmərəli istifadə olunması ilə əlaqəlidir.

YAP Suraxanı rayon təşkilatının fəal üzvləri, 97 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimləri Amalya Bünyatova, Kəmalə Əliyeva, İradə Nərimanova çıxış edərək bildiriblər ki, Azərbaycanın müstəqillik tarixində baş verən mühüm hadisələr dövlətçilik ənənələrinin və milli birliyin ölkənin gələcəyindəki rolunu aydın şəkildə nümayiş etdirir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun davam etdirilməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və iqtisadi potensialın inkişafı müasir Azərbaycanın formalaşma prosesinin mühüm istiqamətləridir. Bu tarixi təcrübə göstərir ki, dövlətin uzunmüddətli inkişafı ardıcıl siyasət, məsuliyyətli qərarvermə və milli maraqlara əsaslanan yanaşma tələb edir.

Görüşün sonunda partiya üzvləri və iştirakçılarla müzakirələr aparılmış, sualları ətraflı cavablandırılmışdır.

 

Paylaş