YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş tədbirlərini uğurla davam etdirir.

29 oktyabr 2026-cı il tarixdə Yeni Suraxanı qəsəbəsində yerləşən ("Suraxanı OYL OKSA") Ərazi Partiya Təşkilatında (ƏPT) partiya fəallarının iştirakı ilə növbəti belə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan ƏPT-nin sədri, "Suraxanı OYL OKSA"-nın vitse-prezidenti Elvin Ağayev oktyabrın 2-də baş tutan VIII Qurultayın tarixi əhəmiyyətinə toxunub: "Bu qurultay ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra təşkil edilən ilk partiya ali məclisi kimi Azərbaycanın ictimai-siyasi həyatında tarixi bir mərhələni ifadə edir. Partiyamızın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışı və qəbul edilən qərarlar dövlətin gələcək inkişaf və təhlükəsizlik modelini müəyyən edən strateji hədəfləri ortaya qoymuşdur."

Görüşdə geniş məruzə ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qurultayda müəyyən olunan hədəflərin siyasi-ideoloji əsaslarını diqqətə çatdırıb: "Yeni Azərbaycan Partiyasının VIII Qurultayı suverenliyini tam bərpa etmiş Azərbaycanın yeni strateji epoxaya keçidinin siyasi-ideoloji əsasını qoyan tarixi hadisədir. Qurultayda dövlət başçısı tərəfindən səsləndirilən prioritetlər ölkədəki siyasi qüvvələrin milli həmrəylik ətrafında birləşməsini institusional səviyyəyə qaldırır."

Tədbirdə çıxış edən digər natiqlər qarşıya qoyulan məqsədlərə nail olmaq üçün hər bir üzvün üzərinə böyük məsuliyyət düşdüyünü, təşəbbüskarlıq nümayiş etdirməyin və ümumi işə töhfə verməyin vacibliyini vurğulayıblar. Natiqlər qurultay qərarlarının gələcək fəaliyyət üçün yeni imkanlar açacağına əminliklərini ifadə ediblər.

Görüş fəalları maraqlandıran məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Paylaş