25 Oktyabr – Qubadlı şəhəri günü: Zəfərdən dirçəlişə

25 Oktyabr – Qubadlı şəhəri günü: Zəfərdən dirçəlişə

Fərid Bəşirov

“Neftçi İdman Klubu”nun hüquqşünası
YAP Suraxanı rayon təşkilatının fəal üzvü

25 oktyabr Azərbaycan tarixində qürur və sevinc günü kimi yadda qalıb. Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümü qeyd olunur. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun qazandığı bu tarixi qələbə Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu. Qubadlı uzun illər işğal altında qaldı. Bu müddətdə şəhər və kəndlər dağıdıldı, insanların doğma yurdlarından ayrı düşməsi böyük ağrılara səbəb oldu. Lakin xalqımızın Vətən sevgisi və ordumuzun qəhrəmanlığı sayəsində Qubadlı yenidən öz sahiblərinə qovuşdu.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Qubadlının azad edilməsi tarixi hadisə idi və ümumi qələbəmizi yaxınlaşdırdı. Bu qələbə yalnız torpaqlarımızın azadlığı deyil, həm də illərlə doğma yurd həsrəti çəkən insanların ümidlərinin gerçəkləşməsi demək idi. Bu gün Qubadlıda yeni həyat qurulur. Şəhərdə ilk yaşayış məhəlləsinin, məktəbin, xəstəxananın və inzibati binaların tikintisinə başlanılıb. Mahruzlu və Zilanlı kəndləri yenidən qurulur, yollar, elektrik və su infrastrukturu inkişaf etdirilir. Bütün bunlar Qubadlının gələcəyinə, onun yenidən abad və yaşayışlı məkana çevrilməsinə xidmət edir.

Qubadlı şəhəri günü bizə qəhrəman əsgər və zabitlərimizin fədakarlığını, şəhidlərimizin müqəddəs xatirəsini və doğma torpaqlarımıza bağlılığımızı xatırladır. Bu əlamətdar gün həm də azad edilmiş ərazilərin bərpası və gələcək nəsillərə daha gözəl Qubadlı miras qoymaq məsuliyyətimizi ifadə edir. Qubadlının azadlığı Zəfər tariximizin parlaq səhifəsidir. Bu gün şəhərimizdə başlanan quruculuq işləri isə həmin qələbənin davamı, xalqımızın sülhə, inkişafa və doğma yurdda firavan həyata olan inamının göstəricisidir.

Paylaş