Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: İdeoloji Təhlükəsizlik, Güclü Ordu və Sabitliyin Təminatı
Tünzalə Suleymanova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 23 saylı şəhər poliklinikasının həkimi
Müasir Azərbaycan tarixinin ən şərəfli dövrünü yaşayan bir xalqın nümayəndəsi kimi, dövlətin yürütdüyü siyasətin həyata keçirilməsində iştirak etmək hər bir vətəndaşın borcudur. 2 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş nitq söyləmişdir. Bu çıxışda yaxın tarixdə baş vermiş hadisələr, ölkəmizin keçdiyi çətin inkişaf yolu, eləcə də iqtisadi və siyasi proseslər nəzərdən keçirilmişdir.
Dünyada baş verən geosiyasi proseslər və müharibələr regionumuza da öz təsirini göstərir. Lakin dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dövləti və xalqı bu təlatümləri ləyaqətlə dəf edir. Prezident öz çıxışında həm 1990-cı illərdə, həm də 44 günlük Vətən müharibəsi zamanı yaranan siyasi, iqtisadi və hərbi çətinliklərin Azərbaycan dövləti, xalqı və ordusunun sarsılmaz birliyi sayəsində necə ləyaqətlə dəf olunduğunu xüsusi qeyd etdi.
Dövlət başçısı iqtisadiyyatın düzgün qurulması, ordunun təşkili və təchizatı məsələlərinə toxunaraq, bütün silah və sursatların dünya qiyməti ilə alındığını bəyan etdi. Beləliklə, o, Azərbaycan dövlətinin əldə etdiyi tarixi Qələbənin məhz xalqımızın və dövlətimizin qanı, canı bahasına başa gəldiyini bir daha vurğuladı. Azərbaycanın yerləşdiyi mürəkkəb geostrateji mövqeyə, ölkəmizə göstərilən ideoloji, siyasi və iqtisadi təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz bütün bu sınaqların öhdəsindən layiqincə gəlmişdir.
Bu gün Azərbaycan Respublikasının mövqeyi qlobal müstəvidə ciddi şəkildə nəzərə alınır. Bu uğur isə düzgün siyasi kursun, iqtisadi layihələrin şaxələndirilməsinin və xalq-iqtidar birliyinin sayəsində mümkün olur. Cənab Prezident Azərbaycanın ideoloji təhlükəsizlik məsələlərinə toxunaraq təhsilin inkişafını ön plana çəkmişdir; çünki təhsilli, savadlı insanlara yad ideologiyalar təsir göstərə bilmir. Bu gün şimal və cənub qonşularımızın sanksiyalara, siyasi və hərbi toqquşmalara məruz qaldığı bir vaxtda, ölkəmizin yürütdüyü uzaqgörən siyasət sayəsində xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayır.
Qoy Tanrı Azərbaycan xalqını qorusun. Yaşasın böyük və bütöv Azərbaycan!