Dövlət Suverenliyimiz Tam Təmin Olunmuşdur
Badamxanım Kərimli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, ictimai fəal
2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda konstitusiya quruluşunun bərpası, qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi və dövlət idarəçiliyinin təmin olunması məqsədilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm bir mərhələ olmuşdur. Cəmi 23 saatdan bir qədər çox davam edən və yüksək peşəkarlıqla icra olunan bu hərbi-siyasi əməliyyat sentyabrın 20-də uğurla başa çatmışdır. Bununla da, Azərbaycan Respublikasının bütün coğrafi sərhədləri daxilində dövlət suverenliyinin və hüquqi bərabərliyin tam bərpası qətiyyətlə təmin edilmişdir.
Bu tarixi hadisənin ölkəmizin müqəddəratı üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilmişdir. Bu mühüm Sərəncam dövlət suverenliyinin ölkənin müstəqilliyi, milli təhlükəsizliyi və davamlı tərəqqisi üçün fundamental və sarsılmaz əhəmiyyət kəsb etdiyini beynəlxalq müstəvidə bir daha bəyan edir.
Dövlət Suverenliyi Günü Azərbaycanın müstəqil subyekt kimi qlobal arenadakı rolunu gücləndirməklə yanaşı, konstitusiya quruluşunun və dövlət institutlarının fəaliyyətinin ölkənin hər bir nöqtəsində vahid hüquqi əsaslar üzərində təmin edilməsinin vacibliyini diqqətə çatdırır. Ölkənin bütün ərazisində mərkəzi dövlət hakimiyyətinin tam bərqərar olunması, qarşıdakı strateji dövrdə inklüziv sosial-iqtisadi inkişafın sürətlənməsinə, genişmiqyaslı transmilli infrastruktur layihələrinin reallaşdırılmasına və işğaldan azad edilmiş ərazilərin fundamental şəkildə yenidən qurulmasına misilsiz imkanlar açır. "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun tam reinteqrasiyası, bu torpaqların iqtisadi dövriyyəyə cəlb edilməsi dövlətimizin qüdrətini daha da artırır.
20 Sentyabr tarixi Azərbaycanın dövlətçilik salnaməsində yeni bir epoxanın başlanğıcı və milli həmrəyliyin ən ali təzahürüdür. Bu əlamətdar gün müstəqilliyimizin, milli dövlətçilik ənənələrimizin qorunması və dövlət idarəçiliyinin davamlılığının təmin edilməsi baxımından əvəzsiz ideoloji funksiya yerinə yetirir. Eyni zamanda, suveren dövlət kimi inkişaf yolunda qazanılmış tarixi nailiyyətlərin gələcək nəsillərə ötürülməsi və milli hədəflərin ictimai yadddaşda möhkəmləndirilməsi baxımından xüsusi strateji önəm daşıyır.