Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu səmərəli və əhatəli platformaya çevrilmişdir
Rəhman Hüseynov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nın Zığ QİƏD üzrə nümayəndəsi
Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı məhz bu suallar ətrafında düşünmək üçün mühüm fürsət yaradır. Forumun ideya məzmunu xalqlar və sivilizasiyalar arasında qarşılıqlı anlaşma məsələləri ilə məhdudlaşmır. Bu mövzu Azərbaycanın öz tarixi təcrübəsinə, xalqımızın milli kimliyinə, dövlətçilik ənənələrinə və cəmiyyətin birləşdirici dəyərlərinə yenidən nəzər salmağı zəruri edir.
Dünyaya dialoq çağırışı edən ölkənin öz daxilində bunun tarixi və mənəvi əsasları olmalıdır. Bu baxımdan Azərbaycanın zəngin tarixi təcrübəsi var. Ərazimiz müxtəlif tarixi mərhələlərdə fərqli xalqların, mədəniyyətlərin və dini ənənələrin təmas məkanı olub. Qafqaz Albaniyası dövründən başlayaraq müxtəlif dövlətçilik mərhələlərində formalaşan mədəni irs, Şirvanşahlar dövlətinin siyasi və mədəni ənənələri, Ağqoyunlu və Səfəvi dövlətlərinin tariximizdəki yeri, Əfşarlar dövrünün siyasi təcrübəsi və xanlıqlar mərhələsində milli dövlətçilik düşüncəsinin müxtəlif təzahürləri Azərbaycan tarixinin çoxqatlı mənzərəsini yaradır.
Dövlət başçısı İlham Əliyevin “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı bir daha tolerantlığın və multikulturalizmin Azərbaycanda sadəcə bir şüar və ya hüquqi norma deyil, cəmiyyətin real həyat tərzi, dövlətin uzunmüddətli strateji kursu olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev bildirdi ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlərarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir. Mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər gündəliyimizin əsas hissəsini tutur.
Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri bizim xalqlarımızın əsrlər boyu daşıdığı bir irsdir və biz bunu yüksək dəyərləndiririk. Dövlət başçısı bu reallığı da xüsusi vurğuladı ki, uğurlu inkişafın, Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətdə olan ahəngdarlıqdır. Çünki bütün etnik qrupların, dinlərin nümayəndələri Konstitusiyamız əsasında nəinki bərabər hüquqlara malikdir, o cümlədən bir ailədəki kimi yaşayır.
“Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları – azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir” söyləyən Prezident İlham Əliyev bu birliyin özünü müstəqil tariximizin ən çətin mərhələlərində büruzə verdiyini vurğuladı və əlavə etdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı zamanı, o cümlədən İkinci Qarabağ müharibəsində bütün etnik qrupların və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi birləşdilər. Bu da bizim qələbəmizin rəmzidir.
Prezident cənab İlham Əliyevin açılış mərasimindəki çıxışı isə mədəniyyətlərarası münasibətlərin yalnız mənəvi dəyər deyil, həm də dövlətlərin sabitliyi və beynəlxalq əməkdaşlığın inkişafı üçün strateji amil olduğunu bir daha vurğuladı. Azərbaycanın coğrafi mövqeyi əsrlər boyu onu Şərqlə Qərbin, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkanlardan birinə çevirib. Lakin ölkəmizin üstünlüyü yalnız coğrafiya ilə məhdudlaşmır. Multikulturalizm, dini dözümlülük, qarşılıqlı hörmət və birgə yaşayış ənənələri xalqımızın tarixi-mənəvi irsinin mühüm hissəsidir. Cənab Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri də Azərbaycanda müxtəlif etnik və dini qrupların bərabər hüquqlara malik olması və vahid cəmiyyətin üzvləri kimi yaşamasıdır. Bu modelin mühüm xüsusiyyəti ondan ibarətdir ki, müxtəliflik cəmiyyəti parçalamaq üçün deyil, onu zənginləşdirmək və birləşdirmək üçün əsasdır. Azərbaycançılıq ideyası ətrafında formalaşan milli birlik, xüsusilə ölkəmizin ən çətin sınaqlarla üzləşdiyi dövrlərdə öz gücünü nümayiş etdirib. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, xalqımızın həmrəyliyi müstəqilliyin qorunmasında, ərazi bütövlüyünün bərpasında və milli məqsədlərin reallaşdırılmasında mühüm rol oynayıb.
Azərbaycan cəmiyyəti, multikulturalizm üzrə, divarların yox körpülərin qurulması üzrə dövlət siyasəti, həqiqətən də bu mühüm hadisələrə gətirib çıxardı.