Zəfərdən Qlobal Dialoqa: Bakı Forumunun Dünyaya Sülh Mesajı
Aidə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 273 nömrəli körpələr evi- uşaq bağçasının müdiri
Bakıda keçirilən və qlobal humanitar gündəliyi müəyyən edən çox mühüm bir hadisə — VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və bu forumda ölkə başçısı cənab İlham Əliyevin proqram xarakterli çıxışı barədə öz təəssürat və mülahizələrimi bölüşmək istəyirəm. Prezidentin çıxışını dinləyərkən mən bir daha əmin oldum ki, bu nitq sadəcə növbəti bir siyasi bəyanat deyil. Bu, Azərbaycanın dünənini, bu gününü və ən əsası, gələcək vizyonunu özündə birləşdirən konseptual bir yol xəritəsidir.
Cənab Prezidentin çıxışında diqqətimi çəkən və hər birimizin dərindən düşünməli olduğu bir neçə fundamental məqamı sizinlə bölüşmək istəyirəm.
Birincisi, iqtisadi və siyasi müstəqilliyimizin gücü:
Cənab Prezident çıxışında çox mühüm, fundamental bir rəqəm səsləndirdi. O qeyd etdi ki, “Azərbaycanın borcu ÜDM-in 5 faizindən bir az artıqdır”. Bu sadəcə bir statistika deyil! Bu, ölkəmizin xarici maliyyə mərkəzlərindən tamamilə asılısız olmasının, öz ayaqları üzərində möhkəm dayanmasının analitik sübutudur. İqtisadi cəhətdən müstəqil olan dövlət, siyasi cəhətdən də azaddır və öz iradəsini diktə edə bilir. Məhz bu gücün nəticəsidir ki, biz bu gün özümüzü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilmişik. Yaxın gələcəkdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcək olmağımız Azərbaycanın həm Şərq, həm də Qərb üçün əvəzolunmaz bir dialoq məkanı olduğunu şəxsən mənə bir daha sübut edir.
İkincisi, tarixi ədalət və ikili standartlara qarşı sarsılmaz iradəmiz:
Dövlət başçısının çıxışındakı bu sözlər yəqin ki, hər birimizin qəlbinə toxundu: “Biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik”. Bəli, 2020-ci il Zəfəri və 2023-cü ilin antiterror əməliyyatı bu ədalətsizliyə son qoydu. Lakin hamımız bilirik ki, Prezidentin də dediyi kimi, “Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir”. Ötən ilin avqustunda Ermənistanla sülhün paraflanması bu çətin prosesin məntiqi nəticəsidir. Bir vətəndaş olaraq mən fəxr edirəm ki, bizim cəmiyyətimiz xarici təzyiqləri, ikili standartları qətiyyətlə rədd edir və dövlətimiz bu ədalətsizliyə qarşı prinsipial mübarizə aparır.
Üçüncüsü və bəlkə də ən əsası, bizim qlobal humanitar missiyamız:
Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birindən təcrid olunmaq üçün siyasi və fiziki divarlar ucaltdığı bir dövrdə cənab Prezident Azərbaycanın fərqini bu cümlə ilə bəyan etdi: “Azərbaycan cəmiyyəti, multikulturalizm üzrə, divarların yox, körpülərin qurulması üzrə dövlət siyasəti yürüdür”. Bəli, bizim multikulturalizm modelimiz sadəcə bir şüar deyil, bizim gündəlik həyat tərzimizdir. Yaşadığımız sistemdən asılı olmayaraq, biz öz dilimizi, dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlaya və onları daha da gücləndirə bilmişik.
Cənab Prezident öz nitqini çox rəmzi və ali bir fikirlə yekunlaşdırdı: “Bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur”. Bu fikir dövlət ilə xalq arasındakı sarsılmaz birliyin göstəricisidir. Bu, bizə öz gücümüzə inanmağı və milli maraqları hər şeydən uca tutmağı öyrədir.