Vətən müharibəsi şəhidi Osman Manafov anım günündə ehtiramla yad edilib
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Şəhid Manafov Osman Natiq oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, təşkilatın sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin məzunu olduğu 90 nömrəli tam orta məktəbin müəllim – şagird kollektivi Bülbülə qəsəbəsinin Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Otuz ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız hərbi və siyasi-diplomatik yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.