Uğurlarımızın davamı naminə

Uğurlarımızın davamı naminə

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində  avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 30 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində şəhid ailələri, qazilər və digər seçicilərlə görüşü keçirilib.

Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb. Təşkilat sədri deyib ki, müstəqil Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam təmin etməsi tarixi hadisədir. Bu zəfəri şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edən V.Seyidov söyləyib ki, yeni dövr və reallıqlar şəraitində seçkilərin keçirilməsi böyük önəm kəsb edir.

Deputatlığa namizəd Sevinc Fətəliyeva  çıxış edərək əvvəlcə YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib. O qeyd edib ki, yeni dövrdə siyasətimizin əsas prioritetlərindən biri də şəhid ailələri və qazilərlə işin təşkilidir. Sevinc Fətəliyeva onu da vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həssas təbəqədən olan insanlarla olan münasibəti hər kəs üçün nümunə olmalıdır.

Deputatlığa namizəd çıxışında bu təbəqədən olan seçiciləri də parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. 

Tədbirdə, həmçinin Suraxanı Rayonu Ağsaqqallar Şurasının sədri Arif Babayev, qəsəbə sakinləri Fikrət Tağıyev, Ələddin Xələfli və digərləri çıxış ediblər. Qeyd olunub ki, dövlət və hakim partiya olan YAP hər zaman şəhid ailələri, qazilər, həssas təbəqədən olan insanlara xüsusi qayğı ilə yanaşır. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Həmçinin çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.