Şərqdə və Türk-islam dünyasında ilk demokratik respublika

Şərqdə və Türk-islam dünyasında ilk demokratik respublika

Dilarə Seyidova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 97 nömrəli məktəbin təşkilatçısı

Ruhunda azadlıq və hürriyyət sevdası olan Azərbaycan xalqı XX əsrin əvvəllərində tarixin çox çətin sınaqlarına sinə gərərək, XIX əsrin əvvəllərində itirilmiş müstəqil dövlətçilik ənənələrini bərpa edə bildi. 1918-ci il may ayının 28-də Tiflisdə keçirilən Milli Şuranın iclasında Azərbaycanın “İstiqlaliyyət Bəyannaməsi” qəbul edildi. “İstiqlal Bəyannaməsi” Azərbaycan Xalq Cümhuriyyətinin bütün fəaliyyətinə hüquqi təminat verən qanun rolunu oynayırdı. “İstiqlal Bəyannamə”sində elan olunurdu ki, Azərbaycan Xalq Cümhuriyyəti siyasi quruluş forması Xalq Cümhuriyyəti olan, millətindən, dinindən, cinsindən, ictimai vəziyyətindən aslı olmayaraq, bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verən tamhüquqlu müstəqil dövlətdir. Beləliklə, müsəlman Şərqində və Türk-islam dünyasında ilk dəfə olaraq, demokratik quruluşlu respublika yaradıldı.

Müasir Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyev: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” fikrini söyləmişdi. XX əsrin əvvəllərində Azərbaycanda yetişməkdə olan ziyalılar ordusu, yaranmış tarixi zəmin AXC-nin yaranmasına şərait yaratdı. Ulu Öndər Heydər Əliyev digər bir fikrində isə bu barədə belə söyləmişdi: “28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında  “İstiqlal Bəyannamə”sini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”.

Azərbaycan tarixinin  şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin bəhrəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, özünün demokratik islahatları ilə böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı. Dövlətçilik tariximizin əsasları daha da zənginləşdi, dərinləşdi.

Prezident cənab  İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq, müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın  yaradılmasının müəllifi olmuşdur”, “Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir” fikirlərini söyləmişdir. Xalqın milli mənlik şüurunu, milli dövlətçilik ənənələrini özünə qaytaran Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman kəsiyində bir- birinin ardınca demokratik islahatlar keçirir, idarəetmə prinsiplərinə görə, Qərb ölkələrini geridə qoyur, müsəlman dünyasının mühafizəkarlığı haqqındakı fikirləri alt- üst edirdi. Belə ki, mövcud olduğu üç fəaliyyət (Tiflis, Gəncə, Bakı) dövründə beş hökumət dəyişikliyi etmiş, 230-a yaxın qanun qəbul etmişdir. İlk dövlət bayrağını qəbul etmişdi. 1918-ci ilin 24 iyun tarixində üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq AXC-nin ilk dövlət bayrağı kimi təsdiq olunmuşdu. 1918-ci ilin noyabrın 9-da AXC-nin bayrağı göy, qırmızı və yaşıl zolaqlardan, ağ aypara və səkkizguşəli ulduz təsviri olan bayraqla əvəz olundu. Tanrıya şükürlər olsun ki, bu gün bütöv və müstəqil Azərbaycanın səmalarında bu üçrəngli bayraq vüqarla dalğalanır. Ulu Öndər Heydər Əliyevin bütün qəlbi ilə bağlı olduğu xalqı üçün milli özünüdərk, özünəqayıdış yolunda atdığı addımlardan biri də məhz 1990-cı  ilin noyabırın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi təşəbbüsünü irəli sürməsi olubdur. Cənab prezident İlham Əliyev bu barədə deyir: “Bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdı ki,  indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi”.

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyin əsaslarının gücləndirilməsi üçün, dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul edilmişdir ki, bunlara da misal olaraq göstərə bilərik:

1.1918-ci il iyunun 26-da Milli Ordu yaradıldı.

2.1918-ci il iyunun 27-də Türk (Azərbaycan) dili dövlət dili elan olundu.

3.1918-ci il noyabrın 9-da üçrəngli Dövlət bayrağı təsis edildi.

4.1918-ci il dekabrın 7-də AXC-nin Parlamenti fəaliyyətə başladı.

  1. 1919-cu ilin avqustun 11-də parlamentdə “Vətəndaşlar haqqında” qanun qəbul edildi.
  2. 1919 –cu ildə Bakıda Hərbi məktəb yaradıldı.
  3. 1919-cu ortalarında Xəzər Dəniz Donanması yaradıldı və s.

Digər yandan, uğurlu xarici siyasət Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanınmasını sürətləndirirdi. 1918-ci il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi. İlk uğurlu addımı 1918-ci il iyunun 4-də Batumda  müstəqil dövlətin tarixində ilk dəfə xarici dövlətlə Azərbaycan xalqının  ümid yeri hesab etdiyi Osmanlı dövləti ilə “ Sülh və dostluq haqqında” müqavilə imzalaması oldu.

Tarixin çətin və amansız sınaqları qarşısında cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti xarici müdaxilə nəticəsində süqut etdi. Lakin onun səpdiyi azadlıq toxumu əsrin sonlarında yenidən cücərdi. Gərçək müstəqilliyin əldə olunması, onun qorunmasının nə qədər məsuliyyətli olduğunu dərk edən  Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkədə ictimai-siyasi sabitlik yarandı.  Ölkənin hərtərəfli tərəqqisi üçün misilsiz işlər görüldü. Hələ vətənimiz Sovetlər birliyinin tərkibində olanda belə ölkənıin uğurlu inkişafına təkan verərək geridə qalmış kənd təsərüfatı ölkəsindən inkişaf etmiş sənaye ölkəsinə çevrildi. Ulu Öndər Heydər Əliyev  xalqımızın yaşadığı çox çətin zamanda bir dönüş nöqtəsi oldu. Sanki zülmətdən işığa, zülümdən rifaha uzanan müqəddəs bir yol...

Bu gün Azərbaycan adlı dünyanın ən xeyirxah, ən qonaqpərvər, ən səxavətli insanlarının yaşadığı məmləkətə Ulu Öndər Heydər Əliyev strateji kursunu yeni dövrün çağırışlarına uyğun davam etdirən Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev rəhbərlik edir. Elə bir rəhbər ki, həqiqət və ədalət axtarışı ilə ədalətsiz dünyaya qarşı çıxır, müzəffər bir sərkərdə kimi düşmən tapdağı altında viran qalan yurdumuzu düşməndən sökə-sökə alıb, əzəli və əbədi, bütöv Azərbaycan yaradıbdır. 44 gün ərzində bütün dünyanın gözü qarşısında  Ermənistanın “məğlubedilməz” hesab etdiyi ordusu “ Dəmir yumruq” əməliyyatı ilə darmadağın edildi, Azərbaycan ordusunun  şanlı qələbəsi ilə müharibə başa çatdı.

Azərbaycan tarixinin şanlı səhifəsi, Dünya azərbaycanlılarının qürur mənbəyi olan 28 May - Müstəqillik Günümüz mübarək!..