YAP: Tarixi nailiyyətlər və yeni reallıqlar
Sevinc Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru
XX əsrin sonlarında Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini ortaya qoydu. YAP-ın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Bu dövrədək yaradılmış partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar.
Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Müraciət qəbul olunduqdan sonra partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
YAP-ın 5 fəsildən ibarət Proqramı ("Partiyanın inkişafı və uğurları", "Siyasi dəyərlər və prinsiplər", "Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları", "Partiyanın əsas hədəfləri" və "Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya") fəaliyyətin yeni, dövlətçilik baxımından daha gərəkli istiqamətlərini müəyyənləşdirib.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz". Bu sözlər cəmiyyətin daha dinamik inkişafını şərtləndirən tezisdir. YAP dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini başlıca şərt bilir. Açıq və etibarlı münasibətlərin dönməzliyinə xidmət edən islahatlar yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini xarakterizə edən əsas göstəricilərindən biridir.
Noyabr ayının 21-i xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinin 33-cü ildönümüdür. YAP bundan sonra da öz proqramından irəli gələrək layiqli siyasi fəaliyyət nümunələri yaradacaq.