Zəfər Yolu: YAP-ın Peşəkarlıq Prinsipləri və Seçkilərdə Təsdiqlənən Gücü

Zəfər Yolu: YAP-ın Peşəkarlıq Prinsipləri və Seçkilərdə Təsdiqlənən Gücü
Seymur Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Hövsan Bələdiyyəsinin sədri
Biz, Yeni Azərbaycan Partiyasının üzvləri, böyük qürur hissi ilə xalqımızın partiyamıza və onun liderinə olan yüksək etimadının şahidi oluruq. Son seçkilərin nəticələri xalqın YAP-a olan yüksən etimadının göstəricisidir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində partiyamızın namizədi Partiya Sədri cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu rəqəm, Azərbaycan xalqının YAP-ın siyasi kursuna və Müzəffər Liderinə birmənalı, tərəddüdsüz dəstəyinin ifadəsidir. Bu, Müstəqillik və Dövlətçilik yolunda atılan addımların xalq tərəfindən təsdiqidir.
Bu etimad YAP-ın son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiya olması faktını bir daha təsdiqləyir. Hazırda 730.354 üzvə malik olan partiyamızın kütləvi dəstəyi, ümumxalq partiyası statusunun təcəssümüdür. Bizim partiyamız hər zaman Vətənə sadiqliyi və ümummilli maraqlara sədaqəti öz üzvlərini səciyyələndirən əsas göstəricilər hesab edir.
Seçki uğurlarımız davamlıdır və Prezident İlham Əliyevin rəhbərliyi altında partiyamızın siyasi meydandakı dominantlığını göstərir:
• 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə YAP parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır.
• 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyası böyük qələbə qazanaraq yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə etmişdir.
Bu zəfərlər, bizim daxili təşkilati gücümüzün və müasir idarəetmə prinsiplərimizin nəticəsidir. Partiyadaxili münasibətləri xarakterizə edən əsas meyarlar partiyamızın gələcək inkişafının və peşəkarlığının təminatçısıdır: Peşəkarlıq, İşgüzar münasibətlər, Sağlam rəqabət, Etik davranış və Milli dəyərlərə sadiqlik. Biz üzvlərimizdən Elmlilik, İnnovativ inkişaf və kreativlik tələb edirik. Bütün bu prinsiplər YAP-ı Müasir siyasi təşkilata çevirir.
Yeni Proqramımızda müəyyən edilmiş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” hədəfi, Vətəndaş həmrəyliyinin təminatı üçün ən böyük çağırışdır. Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində YAP bu tarixi missiyanı uğurla icra edir. Bizim hədəflərimizdə Şəffaflığın artırılması və Vətəndaş cəmiyyətinin inkişafı prinsipləri əsas götürülür.