Ulu Öndər Heydər Əliyev müasir gənclər siyasətinin banisidir
Uğur Səmədoğlu
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycanın bugünü, gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir. O, gənclərlə bağlı məsələləri daima apardığı siyasətin əsas tərkib hissələrindən hesab edib. Heç təsadüf deyildir ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsinə ən çox sevinən elə gənclər idi. Azərbaycan gəncləri hər zaman Ulu Öndəri milli dövlətçiliyimizin banisi, böyük lider və dahi şəxsiyyət kimi qəbul edirdilər. Bugün gənclərin vətənpərvərlik ruhunda və milli mənəvi dəyərlərimizə uyğun yetişməsi məhz onun adı ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti bu gün onun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artmasına səbəb oldu. Cənab Prezidentin uğurla davam etdirdiyi gənclər siyasəti nəinki bugünkü gəncliyi, hətta gələcək nəsilləri də əhatə edir.
Gənclər siyasətinin ayrılmaz hissələrindən biri də, məhz gənclərin sağlam həyat tərzi sürməsinin təminatıdır. Bu istiqamətdə ölkəmizdə idmanın inkişaf etdirilməsi, olimpia komplekslərinin açılması və beynəlxalq yarışlara ev sahibliyi etməsi buna sübutdur. Bu qayğı ölkəmizin idman sahəsində inkişafı ilə bərabər biz gənclərin sağlam ruhda yetişməsinə də münbit şərait yaradır.
Vətən müharibəsində gənclərin böyük rolu olmuşdur. 44 günlük Vətən müharibəsində vəzifəsindən, yaşından, milli, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər birimiz bu müqəddəs mübarizədə cənab Prezident İlham Əliyevin ətrafında Dəmir yumruq kimi birləşdik. Müharibənin əsas yükünü gənclər öz çiyinlərinə götürdü. Bu müharibədə Vətən uğrunda canlarını fəda edən Şəhidlərin böyük əksəriyyəti də məhz gənclər olmuşdur. İstər arxa cəbhədə, istər döyüş meydanında, istərsə də, sosial şəbəkələrdə gedən mübarizədə gənclər ən öndə oldular. Gənclərimiz sosial şəbəkələrdə də aktiv iştirak etdilər. Biz həmin dövrdə informasiya müharibəsində də qalib gəldik.
Müharibəyə gedən gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi və onlar bütün dünyaya Azərbaycan əsgərinin, gəncinin nəyə qadir olduğunu göstərdilər. Bir nəfər də olsun fərarinin olmaması xalqımızın qəhrəman xalq olduğunu bir daha sübut edir.
Biz gənclərin ən ümdə öhdəliyi Ulu Öndər Heydər Əliyevin yaratdığı və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətini dəstəkləmək, Vətənə sadiq olmaq, doğma Azərbaycanın inkişaf etməsi üçün daima çalışıb irəliyə doğru getmək və bu siyasəti gələcək nəsilə ləyaqətlə ötürməkdir.