Aşıq Ələsgər yaradıcılığı bütün Türk dünyasında önəmli mənəvi dəyər kəsb edir
Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu Ağkilsə kəndində vəfat etmiş və burada da dəfn edilmişdir. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq 90-cı illərin əvvəlində Azərbaycanın böyük aşıq-şairinin qəbri ermənilər tərəfindən vəhşicəsinə yerlə yeksan edilmişdir.
Prezident İlham Əliyevin 2021-ci il 18 fevral tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsinin anadan olmasının 200 illiyi həm ölkə miqyasında, həm də ölkəmizin hüdudlarından kənarda TÜRKSOY vasitəsilə geniş qeyd olunub. 2021-ci il noyabrın 30-da “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncam isə Aşıq Ələsgər yaradıcılığına və irsinə olan yüksək diqqət və qayğının nəticəsidir.
Prezident İlham Əliyevin aşıq sənətinin zirvəsi olan Aşıq Ələsgər irsinə dərin ehtiramını özündə əks etdirən bu sərəncamların icrasını mədəniyyət xadimləri, ziyalılar, aşıq sənətinin nümayəndələri, və hər kəs minnətdarlıqla qarşılayıb. Bu günlərdə paytaxtda ustad sənətkarın xatirəsinə ucaldılmış abidənin açılışı da milli kimliyin, mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin göstəricisidir.
Açılış tədbirində çıxış edən dövlətimizin başçısı İlham Əliyev Aşıq Ələsgər yaradıcılığının Azərbaycan xalqı və eləcə də bütün Türk dünyasında önəmli mənəvi dəyər kəsb etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev abidənin açılışında qeyd etdi ki, ölkəmizin hər bir vətəndaşını milli varlığımızı, mədəniyyətimizi və əcdadlarımızın yaratdığı mədəni irsə sahiblik hüquqlarımızı qorumağa çağırmaqla həm də milli-mədəni irsimizin və milli dəyərlərimizin qorunmasının vacibliyini bir daha diqqətə çatdırdı.
Abidənin açılışı zamanı cənab Prezidentin çıxışında bir çox önəmli məqamlar yer almışdır ki, onların da hamısı Azərbaycanın gec-tez tarixi ədalətin tam bərpa edilməsinə nail olacağına, Qərbi azərbaycanlıların da nə vaxtsa öz dədə-baba torpaqlarına qayıdacaqlarına xalqımızın inamını dəfələrlə artırır.
Ölkə Prezidenti öz çıxışında qətiyyətlə bildirdi ki, "Gün gələcək, biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik". Ölkə başçısının bu mesajı Qərbi azərbaycanlıların taleyi ilə bağlı yaxın gələcəyə hesablanmış xoş xəbər kimi qəbul oluna bilər. Azərbaycanın gec-tez tarixi ədalətin tam bərpa edilməsinə nail olacağına, Qərbi azərbaycanlıların da nə vaxtsa öz dədə-baba torpaqlarına qayıdacaqlarına xalqımızın inamını dəfələrlə artırır.Ölkəyə rəhbərlik etdiyi gündən Azərbaycan Prezidentinin dediyi hər kəlmənin arxasında sona qədər durduğunu təkcə bizim xalqımız deyil, artıq bütün dünya yaxşı bilir.
Beləliklə, Aşıq Ələsgərin abidəsinin açılışı bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir,eyni zamanda mədəniyyətimizin bərpası baxımından müstəsna əhəmiyyət kəsb edir.