25 noyabr – Kəlbəcər şəhəri günü gücün, əzmin və siyasi iradənin təcəssümüdür
Şaiq Səfərov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı Rayon İcra Hakimiyyəti nəzdində Layihə-Smeta bürosunun rəisi
25 noyabr tarixinin “Kəlbəcər şəhəri günü” kimi qeyd olunması, Azərbaycanın dövlətçilik tarixində mühüm siyasi və strateji məna kəsb edən hadisədir. Bu gün, təkcə Kəlbəcərin işğaldan azad edilməsinin qələbə rəmzi deyil, həm də bölgənin dirçəlişi, strateji yüksəlişi və dövlət siyasətinin davamlı uğurlarının nümayişidir.
Qafqaz dağlarının ən sərt və yüksək relyefi üzərində yerləşən Kəlbəcər həm tarixən, həm də coğrafi mövqeyinə görə daim xüsusi önəm daşıyıb. Azərbaycanın ən yüksək dağ rayonlarından biri olan Kəlbəcər minillik arxeoloji tapıntıları, təbii sərvətləri, mineral suları və monastır kompleksləri ilə dünya mədəni irsinin nadir nümunələri sırasındadır.
Rayona inzibati status 1930-cu ildə verilmiş, bu dövrdən etibarən Kəlbəcər bölgənin iqtisadi, kənd təsərrüfatı və mədəni inkişafında mühüm rol oynamağa başlamışdır.
BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsi Ermənistan qoşunlarının Kəlbəcərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və digər qətnamələri 27 il ərzində kobud şəkildə icra etməməklə beynəlxalq hüquqa qarşı açıq saymazyana münasibət göstərdi.
2020-ci ildə 44 günlük Vətən Müharibəsi Azərbaycan Respublikasının hərbi-siyasi gücünün, milli birliyinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyinin parlaq təzahürü oldu. Ermənistan məğlubiyyətini qəbul edərək 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata imza atdı. Bu sənədin şərtlərinə uyğun olaraq, 25 noyabr tarixində Kəlbəcər döyüşsüz şəkildə Azərbaycana təhvil verildi. Lakin erməni hərbi-siyasi rəhbərliyinin geri çəkilmə zamanı törətdiyi dağıntılar, yandırılmış meşələr, sökülmüş evlər və məhv edilmiş infrastruktur işğalçının barbar simasını bir daha üzə çıxardı.
Azərbaycan dövləti isə bu qələbəni əbədiləşdirmək məqsədilə 26 noyabr 2020-ci ildə “Kəlbəcərin azad olunmasına görə” medalını təsis etdi. Kəlbəcərin azad edilməsindən sonra Azərbaycan dövləti bölgənin tam bərpası və müasir standartlara uyğun yenidən qurulması üçün genişmiqyaslı investisiya proqramlarına start verdi.
Bölgədə aparılan işlər Prezident İlham Əliyevin hər il etdiyi çoxsaylı səfərlər zamanı şəxsən nəzarət altında həyata keçirilir. Bu səfərlər təkcə icra nəzarəti deyil, həm də siyasi mesaj xarakteri daşıyır: Azərbaycan öz ərazisində əbədi sahibdir.
25 noyabr – Kəlbəcər şəhəri günü, Azərbaycanın gücünün, əzminin və siyasi iradəsinin təcəssümüdür. Bu gün işğalın acıları, qələbənin sevinci və bərpa prosesinin tarixi uğurları ilə birləşir.