Şərq çinarının vətəni , Zəngilan !
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 172 nömrəli tam orta məktəbin direktoru
Təqribən 1400 ilə yaxın yaşı olan Zəngilan qədim tarixə malikdir. Zəngilan ən qədim insanların yaşayış məskəni olub. Ərazidə Əsgülüm və Süsən dağlarında olan mağaralar buna sübutdur. Strateji cəhətdən əlverişli mövqeyə malik Zəngilan keçmişdə qədim İpək yolunun üzərində yerləşirdi. Şərqdən – qərbə, şimaldan cənuba doğru hərəkət edən ticarət karvanları məhz bu ərazidən keçirdi. Hal – hazırda tikintisi həyata keçirilən hava limanı Zəngilanı nəqliyyat -logistika mərkəzinə çevirəcək. Zəngilan hava limanı azad edilmiş torpaqlarımızda ikinci hava limanı olacaq. Bu hava limanı Zəngəzur və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək.
Zəngilan ərazisində onlarla milli və tarixi – dini abidə olmuşdur. Bu abidələrdən ən böyüyü “Şəhri-Şərifan” adlı orta əsr şəhərinin xarabalıqlarıdır. 27 illik işğal tarixi-dini abidələrdən də yan ötməyib. Bu abidələr düşmən tərəfindən tamamilə talan olunmuşdur. Abidələrin bərpası Heydər Əliyev fondu tərəfindən həyata keçiriləcək. Bərpası mümkün olmayan abidələr isə yenidən inşa olunacaq.
Əzəmətli Zəngilanın çox gözəl təbiəti var. Kiçik Qafqaz Sıra dağlarının ətəyində, sanki bir cənnəti xatırladan Zəngilan rayonunun bütün təbiət qoruqları düşmən tərəfindən məhv edilmişdir. Həmçinin Zəngilan çinar meşələrinə görə dünyada ikinci, Avropada birinci yer tuturdu. Çox təəsüf ki, 27 illik işğal nəticəsində bu meşələr də məhv edilib. İnanıram ki, yaxın gələcəkdə Zəngilanın təbiəti biz insanların köməyi ilə bərpa ediləcək və Zəngilan turizm bölgəsi kimi inkişaf edərək , öz gözəlliyi ilə hamını heyran qoyacaq.
Məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı dövlət üçün ən mühüm məsələlərdən biridir.İşğala məruz qalmış Azərbaycan mina təhlükəsindən əziyyət çəkir. Ermənistan 30 il nəzarətində saxladığı torpaqları total şəkildə minalayıb və minaladığı ərazilərin xəritələrini verməkdən imtina edir. Verdiyi xəritələr isə qeyri – dəqiqdir. Bu istiqamətdə vacib işlər görülür və ərazilərin minalardan təmizlənməsi prosesi uğurla davam etdirilir.
Yaşayış yerlərinin bərpası zamanı “Ağıllı şəhər” , “Ağıllı kənd” infrasruktur layihələri həyata keçirilir. Ağalı kəndləri ilk bərpa edilən kəndlərdir. Bu kəndlərdə elektron idarəetmə olacaq və müasir standartlara cavab verən kənd kimi tarixə düşəcək. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Kəndin enerjiyə olan tələbatı alternativ enerji mənbələri hesabına təmin olunacaq. Yenidənqurma işlərindən sonra qaçqın və məcburi köçkünlər könüllü , təhlükəsiz və ləyaqətli şəkildə geri qaytarılması prosesi icra olunacaq , 30 il işğal altında qalan torpaqlarımız cənnətə çevriləcək. İşğaldan azad edilmiş torpaqlara qayıtmaq məcburi köçkünlərin ən böyük arzusudur.
Zəngilanı Naxçıvandan ayıran 40 kilometrlik Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi açılarsa, Naxçıvan Muxtar Respublikası blokadadan çıxacaq və dövlətimiz üçün yeni iqtisadi perspektivlər yaranacaq.
Zəngilan sayı artaraq 45 minə çatan əhalisini gözləyir. İnarırıq ki, bərpa-quruculuq işlərindən sonra hər bir zəngilanlı öz doğma torpağına böyük həvəslə qayıdacaq, Zəngilanı qoruyacaq, onu inkişaf etdirəcək.