Ulu Öndər Heydər Əliyev dünyamiqyaslı lider kimi özünü təsdiq edib

Ulu Öndər Heydər Əliyev dünyamiqyaslı lider kimi özünü təsdiq edib

MƏLAHƏT ƏSƏDOVA

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktoru

Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi ölkəmizin suverenliyinə təhdid yaratdığı bir dövrdə,  demokratik dəyərləri müdafiə edən Ulu Öndər Heydər Əliyev 1993-cü il 15 iyun tarixində xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Parlament 24 iyun 1993-cu il tarixli iclasında Prezident səlahiyyətlərinin ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verən Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi.

Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələrkən qeyd etmişdir ki, ölkəmizin ağır,  mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə  dərk edir və onun müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özü üçün  əsas vəzifələrdən biri hesab edir. Azərbaycan Respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır. Bu sahədə  daim çalışacağına və  ömrünün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəkdir.

Özünü bütün sahələrdə  lider kimi təsdiq edən Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan amalı, Azərbaycanın dayanıqlı iqtisadi inkişafını və beynəlxalq əhəmiyyətini müəyyən edən və 8 ölkənin 1994-cu il 20 sentyabr tarixində imzaladığı  “Əsrin müqaviləsi” davamlı islahatların reallaşdırılmasının  sübutudur. Bu müqavilə ilə ölkəyə dünya iqtisadiyyatına və siyasətinə inteqrasiya istiqamətində ciddi addımlar atmağa imkan yaratdı.

Heydər Əliyevin  sosial-iqtisadi, siyasi və mədəni inkişaf kursu, xarici iqtisadi əlaqələri və 1996-cı ildən öz müsbət nəticələrini verən neft strategiyası Azərbaycanın dünyada və regionda geosiyasi və geoiqtisadi əhəmiyyətini artırdı, ölkəmizi iqtisadi tərəfdaşa çevirdi və Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini, geoiqtisadi dəyərini yüksəldərək regional dövlət olaraq perspektivlərini artırdı.

Dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi ilə dinləyənləri məftun edən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən Heydər Əliyev öz fəal diplomatiyansı nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişdirmişdir.

İqtisadi müstəqillik siyaəsti ilə Ulu Öndər qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi.