Şəhid Orxan Qəhrəmanovun qardaşı oğlu Camalın kiçik toy məclisi keçirilib
07.06.2023-ci il tarixdə Suraxanı Rayonunda Vətən Müharibəsi Şəhidi Qəhrəmanov Orxan Səlvər oğlunun qardaşı oğlu Camalın kiçik toy məclisi keçirilmişdir. Kiçik toy məclisində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Etibar Əliyev, digər rəsmi şəxslər, şəhid ailə üzvləri və qazilər iştirak etmişlər. Kiçik toy məclisi Azərbaycanın Dövlət Himni və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Kiçik toy mərasimində iştirak edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov balaca Camalı təbrik edərək bildirmişdir ki, Orxan kimi canını vətən uğrunda qurban vermiş şəhidlərin sayəsində biz ərazi bütövlüyümüzü bərpa etmişik. Cənab Ali Baş Komandan İlham Əliyevin diqqəti və çox hörmətli Mehriban xanım Əliyevanın qayğısı ilə bu gün şəhid ailələrinin bütün sosial-məişət problemlərinin öz həllini tapdığını xüsusi qeyd edən Vüqar Seyidov balaca Camala gələcək həyatında uğurlar arzulamışdır.
Şəhid anası Arzu Qəhrəmanova göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlığını bildirmişdir.