208 nömrəli tam orta məktəbdə şəhid Nəriman Həmidovun doğum günü qeyd olunub
28 oktyabr 2026-cı il tarixdə 208 nömrəli tam orta ümumtəhsil məktəbində Birinci Qarabağ Müharibəsi şəhidi Həmidov Nəriman Qəzənfər oğlunun anadan olmasının 78-ci ildönümünə həsr olunmuş “Xatirələrdə qalan ömür” adlı anım tədbiri keçirilmişdir. Tədbirdən öncə şəhidin Bülbülə qəsəbəsindəki Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət olunmuş, önünə tər güllər düzülmüş və ruhuna dualar oxunmuşdur.
Anım mərasimi şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardından isə Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Ləman Hacıyeva Birinci Qarabağ Müharibəsində canlarını qurban vermiş şəhidlərin öz əməlləri ilə İkinci Qarabağ Müharibəsi iştirakçılarına və şəhidlərinə örnək olduqlarını vurğulamışdır. O, Vətən Müharibəsində şəhidlərimizin öz qanları ilə yeni bir tarix yazdıqlarını bildirmişdir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək vətənpərvərlik hissinin məhz məktəb illərindən başladığını diqqətə çatdırmışdır. Natiq qeyd etmişdir ki, Vətən Müharibəsində qazanılan möhtəşəm qələbəni bizə bəxş edən əsas amillərdən biri məhz gənc nəslin doğru və vətənpərvər ruhda tərbiyə olunmasıdır. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü Raziyə Kamilqızının “Zəfər Salnaməsi” kitabı ictimaiyyətə təqdim olunmuşdur.
Tədbirin sonunda şəhid Nəriman Həmidovun ailə üzvləri çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişdirlər.