25 noyabr 2025-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyi ilə əlaqədar görüş keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və YAP Suraxanı rayon təşkilatının birgə təqdimatında Xalq artisti, “Şöhrət”, “Şərəf” ordenli, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş görüş keçirilib. Mənsum İbrahimovun 65 illik yubileyi ilə bağlı görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, digər rəsmi şəxslər, mədəniyyət işçiləri, şəhid ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Aparıcı tədbiri açıq elan etdikdən sonra Xalq artisti Mənsum İbrahimovun həyat və yaradıcılığı haqqında məlumat vermişdir. Bildirib ki, Mənsum İbrahimov gözəl xanəndə olmaqla yanaşı, həm də Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. O, təkcə Məcnunu yox, “Aşıq Qərib”də Qərib və “Gəlin qayası”nda Camal rollarını da yüksək səviyyədə ifa edib. Suraxanı rayon ictimaiyyətini salamlayan Xalq artisti Mənsum İbrahimov burada olmaqdan məmnun olduğunu ifadə etdi.
Mənsum İbrahimov çıxışında yaratdığı ölməz obrazlardan, Azərbaycan muğamının inkişafı, tədrisi və təbliği istiqamətində göstərdiyi xidmətlərdən bəhs edib, muğamlarımızdan, xalq mahnı və təsniflərimizdən danışıb və ona ünvanlanan sualları cavablandırıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirdi ki, Mənsum İbrahimov öz mənalı ömrünü Azərbaycanın mədəniyyətinin çiçəklənməsinə və milli-mənəvi sərvətimiz olan muğam sənətinin inkişafına həsr etmişdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Mənsum İbrahimovun sənət yoluna nəzər salaraq dedi ki, mədəniyyət sahəsində uğurları ilə yanaşı onun ictimai həyatdakı fəaliyyəti də təqdirəlayiqdir. Vüqar Seyidov onu da vurğulamışdır ki, ustad sənətkar dövlətimizin və cənab Prezidentimizin haqlı siyasətinin, çox hörmətli Mehriban xanım Əliyevanın humanist yanaşmalarının geniş kütlələr arasında təbliğində aktiv iştirak edir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxış edərək qeyd etmişdir ki, Mənsum İbrahimovun yorulmaz və məhsuldar fəaliyyəti dövlətimiz tərəfindən dəfələrlə rəğbətləndirilmiş, o, böyük fəxri adlarla təltif olunmuşdur.
Tədbir Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu “Zəfər nəğməsi” ilə çıxış edib. Xanəndə Mənsum İbrahimovu Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) müşayiət ediblər. Həmçinin görüşdə “Muğam” Müsabiqəsinin qalibləri, Mənsum İbrahimovun tələbələri Nəsrin Şəfii və Fatma Hüseynova çıxış ediblər.