YAP Suraxanı rayon təşkilatında yüksək bal toplayan məzunlarla görüş keçirildi

YAP Suraxanı rayon təşkilatında yüksək bal toplayan məzunlarla görüş keçirildi

Sentyabrın 12-də Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının təqdimatında 2023/2024-cü tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları və birinci sinifdə təhsilə başlayacaq şagirdlərlə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Yeni Azərbaycan Partiyasının Veteran Şurasının üzvü, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, rayonun təhsil ictimaiyyətinin nümayəndələri, şəhid, qazi övladları və aztəminatlı ailələrin nümayəndələri iştirak etmişlər.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbiri giriş sözü ilə açaraq yüksək bal toplayaraq tələbə adı qazanan bütün məzunları təbrik edərək bildirdi ki, Suraxanı rayonunda hər zaman təhsilə böyük maraq və istək olmuşdur. Hər il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında Suraxanı rayon gəncləri yüksək bal topayaraq ölkəmizin və dünyanın sayılıb-seçilən universitetlərinə qəbul olunurlar. Yerli təşkilatın sədri onu da vurğulamışdır ki, böyük dövlət qayğısı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir, bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər günbəgün artır.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Veteran Şurasının üzvü, əməkdar elm xadimi, professor Şahlar Əsgərov təhsildə əldə olunan uğurların təməlində Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin dayandığını vurğulamışdır. Şahlar Əsgərov qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin təhsilə qayğısı, diqqəti müasir Azərbaycan gəncində savadlı, təhsilli olmağa inam formalaşdırır.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı cənab Hikmət Babaoğlu da öz növbəsində bildirmişdir ki, təhsilli gənclik Azərbaycanın gələcəyidir. Ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar gəncləri yüksək təhsil almağa və gələcəkdə dövlətimizə və xalqımıza layiqli xidmət göstərməyə ruhlandırır.

Daha sonra 2023-2024-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində Xəzər Universitetinin Politologiya ixtisasına qəbul olmuş şəhid Babək Səmidlinin övladı Mətləb Səmidli, 2023-2024-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində Suraxanı rayonu üzrə ən yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına qəbul olmuş 146 nömrəli tam orta məktəbin məzunu Qasımova Fatimə, 2023-2024-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində 660,7 balla Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmuş 118 nömrəli tam orta məktəbin məzunu Rəvanə Məmmədli və 2023-2024-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində 679 balla Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olmuş, 114 nömrəli tam orta məktəbin məzunu Qasımov Məhəmmədin atası Fuad Qasımov çıxış edərək əldə olunan uğurlarda payları olan hər kəsə təşəkkür edərək qeyd etdilər ki, gənclər yeni həyatlarında ölkəmizin və doğma rayon olan Suraxanının uğurları üçün çalışacaqlar.

Sonda YAP Suraxanı rayon təşkilatı tərəfindən təhsildə yüksək nəticələrlə uğur əldə edərək tələbə adı qazan gənclərə və birinci sinifdə təhsilə başlayacaq şagirdlərə qiymətli hədiyyələr təqdim olunmuşdur.