1918-ci ilin mart soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir

1918-ci ilin mart soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir

Ulduzə Qarayeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin müəllimi

1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və onun quberniyalarinda, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı və qəddar faciələrdən biridir. Həmin günlərdə on minlərlə azərbaycanlı ilə yanaşı, ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar qılıncdan, süngüdən keçirilərək diri-diri yandırılıb, milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və mədəni abidələr dağıdılıb, məscidlər və məzarlıqlar təhqir edilib.

Bu soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalayıb və yerli tarixçilərə bu hadisələrin araşdırılması tapşırılıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu da çox mühüm rol oynayır. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkəmizdə, istərsə də Azərbaycandan kənarda bu istiqamətdə çox vacib layihələr həyata keçirib və belə tədbirlər davam etdirilir.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev 2009-cu ildə Qubada törədilmiş soyqırımı faktı olan kütləvi məzarlıq üzərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verib və 2013-cü ildə sentyabrın 18-də həmin kompleks açılıb. Bu tədbirlərin görülməsi erməni faşizminin ifşası və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün böyük əhəmiyyətə malik olan təşəbbüslərdir. Ümumiyyətlə, ötən əsrdə dörd dəfə 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə yaranmış siyasi vəziyyətdən, müstəmləkəçilik dövründən faydalanaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiyalara baxmayaraq mənfur düşmənin “Böyük Ermənistan” xülyası gerçəkləşməmişdir.

Artıq həm hərb, həm də siyasi arenada uzaqgörən liderimiz, mübariz xalqımız, rəşadətli ordumuz ermənilərə layiq olduğu cavabı verib. Güclü Azərbaycan dövləti bundan sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə cavabını verəcəkdir.

Bu gün biz xüsusi qürurla onu deyə bilərik ki, vaxtilə xalqımıza qarşı törədilmiş soyqırımların, qətlə yetirilmiş insanların qanı yerdə qalmamış və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 44 günlük vətən müharibəsi zamanı xalqımıza qarşı 2 əsr boyunca törədilmiş qətliamların qisasını alıb və torpaqlarımız işğaldan azad edilib.