Suraxanı Rayonunda şəhid Elzar Yusubovun anım günü keçirilib

Suraxanı Rayonunda şəhid Elzar Yusubovun anım günü keçirilib
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, 3-cü dərəcəli “Rəşadət” ordeninə, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid Yusubov Elzar Süleyman oğlunun anım günü qeyd olunub.
İlk öncə Şəhidin dəfn olunduğu Hövsan qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət edilib, dualar oxunub. Daha sonra məzunu olduğu 76 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə RİH başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər və  rayon ictimayətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə təhsil müəssisəsində Şəhidlər üçün yaradılmış guşənin açılışını edib və Şəhid Elzar Yusubovun adı verilmiş, övladı Ayan balanın da təhsil aldığı siniflə tanış olublar. Akt zalında davam edən tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə məktəblilər tərəfindən Elzar Yusubovun xatirəsinə həsr olunan və həyatından bəhs edən video-çarx nümayiş olunub, şəhidlərimizə, vətənə və qələbəyə həsr olunan şeirlər səsləndirilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açan RİH başçısı Əziz Əzizov şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını diqqətə çatdırıb. Oktyabrın 6-da Praqada keçirilən görüşün nəticələrini Azərbaycan siyasətinin, xüsusilə, Prezident cənab İlham Əliyevin şanlı qələbəsi adlandıran Ə.Əzizov qeyd edib ki, bu görüş onu sübut etdi ki, dövlətimiz təkcə hərbi platformada deyil, siyasi arenada da güc sahibidir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək demişdir ki, bütün şəhidlərimizin və Elzar Yusubovun əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Görüş zamanı yerli təşkilatın sədri tərəfindən Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrətinin sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətlərinin gələcək nəsillər üçün örnək olduğu vurğulanmışdır.
Tədbirdə çıxış edən digər qonaqlar da işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətindən bəhs etmiş, Şəhidlərimizə Allahdan rəhmət diləmişlər.
Şəhid Elzar Yusubovun anası Günəş xanım daim göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlığını bildirib.