Qələbə idmançılarımıza əlavə güc və motivasiya verir

Qələbə idmançılarımıza əlavə güc və motivasiya verir
Yusif İbrahimov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəsi

2025-ci ili idman sahəsində böyük uğurlarla başa vurdu. Dövlətin idmana verdiyi strateji önəm, yaradılan müasir infrastruktur və gənclərin idmana cəlb edilməsi nəticəsində bu il qazanılan nailiyyətlər əvvəlki illərlə müqayisədə daha əhatəli və əlamətdar oldu.

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında qeyd etdiyi kimi, bu il idmançılarımız beynəlxalq arenalarda rekord sayda medal əldə ediblər. Minlərlə medalın, yüzlərlə qızılın qazanılması təkcə idman uğuru deyil, həm də Azərbaycan idman məktəbinin sistemli inkişafının real göstəricisidir.

Respublikada idmanın inkişafı təsadüfi proses deyil, düşünülmüş dövlət siyasətinin nəticəsidir. Son illərdə ölkənin bütün bölgələrində idman infrastrukturu demək olar ki, sıfırdan qurulub. Müasir Olimpiya İdman komplekslərinin sayının artması, yeni idman obyektlərinin istifadəyə verilməsi regionlarda idmana marağı daha da gücləndirib. Gəncə və Yevlaxda yeni Olimpiya komplekslərinin işə düşməsi nəticəsində ölkə üzrə bu cür mərkəzlərin sayı artıq 46-ya çatıb. Bu isə təkcə idmançıların hazırlığı üçün deyil, həm də sağlam həyat tərzinin təşviqi baxımından mühüm addımdır.

Prezident cənab İlham Əliyevin vurğuladığı mühüm məqamlardan biri də sağlam gənc nəsil məsələsidir. Uşaqlıqdan idmana marağın artırılması ölkənin gələcək insan kapitalının sağlam və güclü formalaşmasına şərait yaradır. Sağlam gənclik – güclü dövlət, güclü iqtisadiyyat və güclü ordunun əsasıdır. İdman yalnız fiziki hazırlıq deyil, həm də mənəvi tərbiyə, intizam, səbr, mübarizə əzmi deməkdir. Bu baxımdan idman siyasəti eyni zamanda gənclərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm təsir göstərir.

Azərbaycan gənclərinin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə ölkədə mövcud olan milli həmrəylik mühiti, xalqın yüksək vətənpərvərlik ruhu idmançıların çıxışlarında da əks olunur. Beynəlxalq arenalarda Azərbaycan bayrağının qaldırılması hər bir vətəndaş üçün böyük qürur, idmançılar üçün isə daha ciddi məsuliyyətdir. Xüsusilə son illərdə əldə edilən tarixi Qələbə idmançılarımıza əlavə güc və motivasiya verir.

2025-ci ildə ölkəmiz bir sıra böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etdi. Onların arasında MDB ölkələrinin üçüncü Oyunları xüsusi yer tutur. Bu yarışların yalnız Bakıda deyil, müxtəlif bölgələrdə keçirilməsi Azərbaycanın regional potensialını nümayiş etdirdi və minlərlə qonağın ölkəmiz haqqında müsbət rəy formalaşdırmasına səbəb oldu. Bundan əlavə, ölkəmizdə ilk dəfə UFC üzrə beynəlxalq turnirin təşkili, eləcə də ənənəvi Formula 1 yarışının yüksək səviyyədə keçirilməsi Azərbaycanın dünya idman məkanında rolunu daha da gücləndirdi. Xüsusilə Formula 1 yarışının turizmə verdiyi töhfə, ölkəmizin dünyada tanıdılması baxımından böyük əhəmiyyət daşıyır.

Şahdağda keçiriləcək Xizək üzrə Dünya Kubokunun ölkəmizin beynəlxalq idman təqviminə daxil olması bu sahədə də böyük irəliləyişin göstəricisidir. Şahdağ Xizək Mərkəzinin genişləndirilməsi, yeni trasların yaradılması həm idman, həm də turizm sektorunun inkişafına mühüm töhfə verir. 2025-ci ilin ən böyük uğurlarından biri isə Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi oldu. Bu titul həm ölkəmizin idman sahəsində gördüyü işlərə verilən qiymət, həm də Azərbaycanın beynəlxalq idman ailəsində nüfuzunun bariz göstəricisidir. İdmançılarımızın və idman mütəxəssislərinin dövlət tərəfindən mükafatlandırılması ənənəsinin davam etdirilməsi isə onların əməyinə verilən yüksək dəyərin təcəssümüdür.

2025-ci il Azərbaycan idmanı üçün təkcə rekordların ili deyil, həm də inkişaf strategiyasının uğurlu nəticələrinin təsdiqi oldu. Qazanılan medallar, təşkil olunan beynəlxalq yarışlar, yaradılan infrastruktur və formalaşan sağlam gənclik ordusu göstərir ki, idman ölkəmiz üçün yalnız sahə deyil, milli dəyərdir. Bu siyasətin davam etdirilməsi isə ölkəmizin gələcək illərdə də beynəlxalq idman arenasında söz sahibi olacağına əminlik yaradır