Qubadlı yenidən qurulur, doğma sakinlərini qarşılayır

Qubadlı yenidən qurulur, doğma sakinlərini qarşılayır

Afaq Səfərova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 275 nömrəli tam orta məktəbin direktor müavini

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar milli yaddaşımıza əbədi həkk olunur, qürur və iftixar mənbəyinə çevrilir. 25 Oktyabr – Qubadlı Şəhəri Günü də xalqımızın qəhrəmanlığını, birliyini, əzmini və tarixi Zəfərini təcəssüm etdirən əlamətdar günlərdən biridir.

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Zəngin təbiəti, gözəl mənzərələri, münbit torpaqları və qədim tarixi ilə seçilən bu diyar uzun illər xalqımızın ayrılmaz parçası olub. İşğaldan əvvəl rayonda əkinçilik, üzümçülük, tütünçülük və heyvandarlıq inkişaf etmiş, Qubadlı özünəməxsus təsərrüfat həyatı ilə seçilmişdir.

Lakin 1993-cü il avqustun 31-də Qubadlı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdıldı, tarixi-mədəni irsinə ciddi ziyan dəydi, minlərlə sakin doğma yurd-yuvasından didərgin düşdü. Qubadlı sakinlərinin qəlbində illərlə bir arzu yaşadı: doğma torpağa qayıtmaq, ata-baba yurdunu yenidən dirçəltmək.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının taleyində yeni bir mərhələ açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bu şanlı mübarizənin mühüm hadisələrindən biri oldu. Bu Qələbə xalqımızın mübarizə əzmini daha da gücləndirdi və tarixi Zəfərimizə gedən yolu yaxınlaşdırdı.

Prezident İlham Əliyev Qubadlının azad edilməsinin əhəmiyyətini vurğulayaraq demişdir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu sözlər doğma torpaqlarına qovuşan insanların sevincini, xalqımızın qürurunu və tarixi ədalətin bərpasını ifadə edir.

Qubadlı uğrunda döyüşlərdə Azərbaycan əsgər və zabitləri böyük igidlik göstərdilər. Onların fədakarlığı, Vətənə sonsuz məhəbbəti və torpaq uğrunda mübarizəsi gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsidir. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalının təsis edilməsi bu qəhrəmanlığın dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsidir.

Bu gün azad Qubadlıda yeni həyat qurulur. Şəhərdə və kəndlərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yollar çəkilir, yaşayış məhəllələri, məktəb, xəstəxana və digər sosial obyektlər inşa edilir. Mahruzlu, Zilanlı və Xanlıq kəndlərində həyata keçirilən yenidənqurma tədbirləri bölgənin gələcək inkişafına mühüm töhfə verir. İnfrastruktur layihələri Qubadlının iqtisadi potensialının bərpasına və əhalinin doğma yurda qayıdışına şərait yaradır.

Qubadlının dirçəlişi yalnız binaların və yolların yenidən qurulması demək deyil. Bu, illərlə həsrət qalan insanların arzularının gerçəkləşməsi, doğma torpaqda yeni həyatın başlanması, milli-mənəvi dəyərlərimizin qorunması deməkdir. Azad Qubadlı Azərbaycanın gücünün, dövlətimizin qayğısının və xalqımızın sarsılmaz iradəsinin təcəssümüdür.

25 Oktyabr – Qubadlı Şəhəri Günü hər bir azərbaycanlıya Vətən sevgisini, milli birliyi və müstəqilliyimizin qədrini xatırladır. Bu əlamətdar gün şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etmək, qazilərimizin qəhrəmanlığını qiymətləndirmək və gələcək nəsillərə Zəfər tariximizi çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Paylaş