25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın yaddaşında daim yaşayacaq
Aytən Talıbova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 324 saylı uşaq bağçası - körpələr evinin müdiri
Vətən bizim doğma evimiz,uşaqlığımızın xatirəsi, qəlbimizin əziz parçasıdır. Vətəni sevmək onun tarixini bilməkdən, qəhrəmanlarını tanımaqdan və torpaqlarının qədrini bilməkdən başlayır. Qubadlı şəhəri də Azərbaycanın tarixi, taleyi və qüruru ilə bağlı olan doğma yerlərimizdən biridir.Qubadlı Azərbaycanın cənub-qərbində yerləşən, gözəl təbiəti, dağları, çayları və səfalı guşələri ilə seçilən diyarlarımızdandır.
Uzun illər Qubadlı da digər torpaqlarımız kimi işğalın ağrı-acısını yaşadı. İnsanlar doğma evlərindən, həyətlərindən, uşaqlıq xatirələrindən ayrı düşdülər. Bir vaxtlar gülüş səsləri gələn evlər, insanların sevinc içində yaşadığı küçələr həsrətə çevrildi. Ancaq xalqımız öz torpaqlarına qayıdacağına olan inamını heç vaxt itirmədi. Qubadlıya qayıdış ümidi qəlbimizdə daim yaşadı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni bir səhifə açdı. Azərbaycan əsgərləri böyük cəsarət və fədakarlıq nümayiş etdirərək torpaqlarımızın azadlığı uğrunda mübarizə apardılar.
Nəhayət, 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu xəbər bütün xalqımıza böyük sevinc, qürur bəxş etdi.Qubadlının azad olunması sadəcə bir şəhərin azad edilməsi deyildi. Bu, doğma torpaqlarına qovuşmaq istəyən insanların ümidlərinin gerçəkləşməsi, illərlə çəkilən həsrətin sona çatmasına doğru atılan mühüm addım idi.
Bu Qələbə Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha göstərdi. 2020-ci il dekabrın 23-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Qubadlıya səfər etdi və şəhərdə Azərbaycan bayrağı ucaldıldı. Üçrəngli bayrağımızın doğma torpağımızda dalğalanması hər bir azərbaycanlının qəlbində qürur hissi yaratdı. Çünki bayraq yalnız bir dövlətin rəmzi deyil, həm də xalqımızın azadlığının, birliyinin və müstəqilliyinin ifadəsidir.
Bu gün Qubadlıda yeni həyatın qurulması istiqamətində mühüm işlər görülür. Yeni yollar çəkilir, yaşayış evləri, məktəblər, xəstəxanalar və digər obyektlər tikilir. Mahruzlu və Zilanlı kəndlərində yenidənqurma işləri aparılır. Qubadlı şəhəri günü bizə bir həqiqəti xatırladır: Vətən sevgisi insanın qəlbində yaşayan ən müqəddəs duyğulardan biridir.
Doğma torpağın dəyərini onu itirəndə deyil, hər zaman bilməliyik. Biz uşaqlarımıza Azərbaycanı sevməyi, bayrağımıza hörmət etməyi, tariximizi öyrənməyi və qəhrəmanlarımızı unutmamağı aşılamalıyıq. Biz inanırıq ki, doğma torpaqlarımızda həyat daha da gözəlləşəcək, Qubadlı yenidən insanların xoşbəxt yaşadığı, uşaqların sevinc səslərinin eşidildiyi bir diyara çevriləcək. Çünki torpağı gözəlləşdirən yalnız binalar və yollar deyil, orada yaşayan insanların sevgisi, əməyi və ümididir.
Sonda qeyd etmək istəyirəm ki, 25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın yaddaşında daim yaşayacaq. Bu gün azadlığın, birliyin, qəhrəmanlığın və doğma yurda qayıdışın rəmzidir. Biz öz tariximizlə fəxr etməli, Vətənimizi qorumalı və gələcək nəsillərə sevgi ilə dolu bir Azərbaycan miras qoymalıyıq. Qubadlı şəhəri günümüz mübarək olsun! Qoy Azərbaycanımızın səmasından sülh, torpaqlarımızdan bərəkət, evlərimizdən sevinc əskik olmasın.
Yaşasın müstəqil Azərbaycan!