“Qürur Yerimiz” və “Qisas Qiyamətə Qalmaz” adlı kitablar oxuculara təqdim olunmuşlar

“Qürur Yerimiz” və “Qisas Qiyamətə Qalmaz” adlı kitablar oxuculara təqdim olunmuşlar

10.06.2022-ci il tarixində Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı “Qürur Yerimiz” və “Qisas Qiyamətə Qalmaz” adlı kitabların oxuculara təqdimatı ilə bağlı tədbir keçirmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov, “Qürur Yerimiz” adlı kitabın müəllifi Esmira Günəş, “Qisas Qiyamətə Qalmaz” adlı kitabın müəllifi, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının qocaman üzvü, Şükufə Babayeva, şəhid ailələri və Suraxanı rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri, şagird-müəllim kollektivləri iştirak etmişlər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğranda canlarını qurban vermiş Şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra YAP Suraxanı rayon təşkilatı tərəfindən şəhidlərimizlə bağlı hazırlanan video-çarx tədbir iştirakçılarına təqdim olunmuşdur.

“Qürur Yerimiz” adlı kitabın müəllifi Esmira Günəş çıxış edərək bildirmişdir ki, 44 günlük Vətən Müharibəsində ölkəmiz üç minə yaxın övladını şəhid vermişdir. Onlardan əlli altı şəhid Suraxanı rayon sakini olmuşdur. “Qürur Yeri” adlı kitabda Suraxanı rayon sakini olmuş Vətən Müharibəsi şəhidləri Əsədov Səbuhi Azər oğlu, Cabarzadə Cavid Qorxmaz oğlu, Məmmədov Dostəli Seymur oğlu, və Babayev Əmirxan Mirilham oğlundan bəhs edilib. Esmira Günəş kitabları şəhidlərin analarına şəxsən təqdim etmişdir.

“Qisas Qiyamətə Qalmaz” adlı kitabın müəllifi, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının qocaman üzvü, Şükufə Babayeva çıxış edərək dedi ki, Azərbaycan 200 yüz illik erməni faşizmi üzərində 44 gün kimi qısa müddətdə qələbə çalmış dövlətdir. Lakin, biz əsrlər boyu başımıza gətirilən heç bir müsibəti unutmamışıq. Şükufə Babayeva kitab haqqında məlumat verərkən xüsusi vurğuladı ki, kitabda bəhs olunan məqamlar hamısı real həyatdan götürülmüşdür.

Daha sonra şəhidlərimizin məzun olduqları Suraxanı rayonu 85, 89, 316, 101 nömrəli tam orta məktəblərin müəllim-şagird kollektivlərinin şəhidlərlə bağlı hazırladıqları ədəbi-bədii, müsiqili kompazisiyalar tədbir iştirakçılarına təqdim olunmuşdur.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov çıxış edərək bildirdi ki, Vətən Müharibəsində şəhid olmuş hər bir övladımızın əziz ruhları qarşısında baş əyir. Yerli təşkilatın sədri bildirmişdir ki, şəhidlərlə bağlı kitabların yazılması, filmlərin çəkilməsi, tamaşaların səhnəyə qoyulması gələcək nəsillərin şəhidləri unutmaması baxımından çox vacibdir. Vüqar Seyidov kitabların müəlliflərinə öz minnətdarlığını bildirərək dedi ki, YAP Suraxanı rayon təşkilatı bundan sonra da şəhidlərimizlə bağlı yazılmış kitabların təqdimatlarını keçirməyə hazırdır.

Göstərilən diqqət və qayğıya görə şəhid ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.