Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır

Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır

Məcid Rəsulov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 140 saylı tam orta məktəbin direktoru

Azərbaycanda qeyri–neft iqtsadiyyatının ortamüddətli inkişafını təmin etmək üçün maliyyə sektorunun çevikliyinin artırılması və ölkəyə yeni kapitalın cəlb edilməsi baxımından kapital bazarlarının inkişaf etdirilməsi çox vacibdir. Biznes mühitinin, rəqabət qanunvericiliyi və siyasətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilməli, investorların hüquqlarının qorunması mexanizmləri təkmilləşdirilməli, qanunların davamlı və ədalətli tətbiqi və hüququn aliliyinin işlək sisteminin formalaşdırılması diqqət mərkəzində saxlanılmalıdır.

Ümummilli lider Heydər Əliyev 29 dekabr 2000–ci ildə “Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət”ində qeyd edirdi: “Müstəqil Azərbaycanın neft strategiyasını ardıcıl həyata keçirərək biz böyük uğurlara nail olmuşuq. Gələcəkdə isə bu uğurlar daha da artacaqdır…Təbii ki, neft özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir. Tam qətiyyətlə demək olar ki, bu vasitədən səmərəli və məqsədyönlü istifadə etməklə, bu mənbədən lazımınca bəhrələnməklə biz yaxın gələcəkdə Azərbaycanı ən yüksək həyat səviyyəli ölkələrdən birinə çevirə biləcəyik”.

Heydər  Əliyevin bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün artıq reallığa çevrilmişdir. Azərbaycan uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün özünün zəngin neft–qaz ehtiyatlarından istifadə edərək “qara qızıl”ın qeyri–neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, gələcəkdə neft–qaz gəlirlərindən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyasını uğurla həyata keçirir.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində, dünyada baş verən qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir. Makroiqtisadi sabitliyi qoruyub saxlamaq, iqtisadiyyatın şaxələndirilməsi, qeyri–neft sektoru və regionların inkşafının sürətləndirilməsi, sahibkarlığı inkişaf etdirmək və ona dövlət dəstəyini gücləndirmək, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaratmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən olmuşdur.

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Qeyri–neft sənayesinin ənənəvi istehsal sahələrinin  inkişaf etdirilməsi və ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətəqabiləyyətli yeni istehsal sahələrinin yaradılması da hər zaman prioritet olmuşdur. Ölkənin qeyri–neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədilə stimullaşdırıcı mexanizmlər tətbiq olunmalı, ixrac yönümlü qeyri–neft sektorunun inkişafı məqsədilə dövlət və özəl sektorun investisiya əməkdaşlığı inkişaf etdirilməlidir.

Müşavirədə Prezident İlham Əliyev bu ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsinə diqqəti çəkərək bildirdiki, bu atılan addımlarla ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir.

Ayrı-ayrı regionların inkişaf etdirilməsi də bu sahədə mühüm mövqedə dayanır. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün əlverişli mühitin yaradılması və özəl sektorun iqtisadi fəallığının stimullaşdırılması hazırda dövlətin qarşısında duran mühüm vəzifələrdən biri sayılır. Həmçinin, iqtisadi artımın dayanıqlılığının təmin edilməsi qeyri-neft sektorunun inkişafını vacib edir. Beləliklə, söyləyə bilərik ki, qeyri-neft sektorunun inkişafı ölkəmizin milli-iqtisadi təhlükəsizliyinin təmin edilməsində əvəzsiz rola malikdir.