AZADLIĞINA QOVUŞAN TORPAQ, YENİDƏNQURULAN YURD — QUBADLI

AZADLIĞINA QOVUŞAN TORPAQ, YENİDƏNQURULAN YURD — QUBADLI
Günay Camalova
YAP Suraxanı Rayon Təşkilatıının fəal üzvü
Suraxanı Rayon, 275 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi
Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 25 oktyabr Qubadlı şəhərinin işğaldan azad edildiyi gün kimi xalqımızın yaddaşında əbədi yaşayır. 2020-ci il oktyabrın 25-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qubadlı şəhərini Ermənistanın işğalından azad etdi. Bu tarixi hadisə xalqımızın birliyinin, ordumuzun gücünün və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin mühüm nəticələrindən biri oldu.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Uzun illər doğma yurdlarından ayrı düşən Qubadlı sakinləri torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirdilər. 44 günlük Vətən müharibəsi bu arzunun gerçəkləşməsi üçün tarixi şərait yaratdı. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Qubadlı şəhəri azad edildi, dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm addım atıldı.
Qubadlının azad edilməsi yalnız hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası idi. Şəhərin strateji mövqeyi Vətən müharibəsinin gedişində xüsusi əhəmiyyət daşıyırdı. Bu uğur Azərbaycan Ordusunun döyüş qabiliyyətini, əsgər və zabitlərimizin peşəkarlığını, xalqımızın Vətən sevgisini bir daha nümayiş etdirdi. Üçrəngli Azərbaycan bayrağının Qubadlıda dalğalanması illərlə doğma torpaqlarından ayrı qalan insanların qəlbində ümid və sevinc yaratdı.
Bu gün Qubadlıda həyata keçirilən bərpa və quruculuq işləri işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi strategiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə infrastrukturun yenilənməsi, yolların çəkilməsi, yaşayış məntəqələrinin bərpası və insanların doğma torpaqlarına qayıdışı üçün şəraitin yaradılması istiqamətində işlər aparılır. Məqsəd Qubadlını müasir infrastruktura, əlverişli yaşayış şəraitinə və dayanıqlı iqtisadi inkişaf imkanlarına malik bir bölgəyə çevirməkdir.
Qubadlının gələcəyi onun bərpa olunan kəndlərində, yenidən qurulan yollarında, doğma yurda qayıdacaq sakinlərinin sevincindədir. Hər bir yeni layihə torpaqlarımızın dirçəlişinə, bölgədə sosial və iqtisadi həyatın canlanmasına xidmət edir. Doğma yurda qayıdış təkcə evlərin yenidən tikilməsi deyil, həm də insanların öz tarixi torpaqlarında həyatlarını yenidən qurması deməkdir.
25 oktyabr Qubadlı üçün azadlığın, xalqımız üçün isə qələbə əzminin rəmzidir. Bu tarix Azərbaycan xalqının torpaqlarına bağlılığını və milli iradəsini nümayiş etdirir. Qubadlının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin fədakarlığı minnətdarlıqla xatırlanır.
Qubadlı azaddır və onun yenidən qurulması gələcəyə inamın, sülhün və inkişafın rəmzidir.

Paylaş