YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
23 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
Növbəti belə görüş Yeni Suraxanı qəsəbəsi 54-cü Yeni Suraxanı küçəsi 88 ünvanında yerləşən ərazi partiya təşkilatında (85 №-li tam orta ümumtəhsil məktəbi) keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının fəal üzvü, 85 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini Kunzala Həmidova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı dövlətimizin inkişaf strategiyasının əsas istiqamətlərini, milli maraqların qorunması prinsiplərini və qarşıda duran vəzifələrin mahiyyətini əks etdirir. Kunzala Həmidova qeyd etmişdir ki, çıxışda səsləndirilən fikirlər göstərir ki, Azərbaycanın qazandığı tarixi nailiyyətlər yeni imkanlarla yanaşı, böyük məsuliyyət də yaradır. Bu gün əsas məqsəd əldə olunmuş uğurları qorumaq, dövlətin gücünü daha da artırmaq, iqtisadi dayanıqlılığı möhkəmləndirmək və vətəndaşların rifahının yüksəldilməsini təmin etməkdir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Fərəh Məcidzadə vurğulayıb ki, Qurultaydakı çıxışda diqqət çəkən mühüm məqamlardan biri Azərbaycanın dövlətçilik strategiyasının əsas prinsiplərinin dəyişməz qalmasıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin davam etdirilməsi, müstəqilliyin qorunması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi və güclü hərbi potensialın yaradılması ölkəmizin uzunmüddətli inkişaf modelinin əsas sütunlarını təşkil edir.
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, 85 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Aynurə Əsgərova çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının uğurla davam etdirilməsi Azərbaycanın müasir inkişaf modelinin əsasını təşkil edir. Müstəqil siyasət, milli maraqlara sadiqlik, güclü iqtisadiyyat və etibarlı müdafiə sistemi ölkəmizin suverenliyinin qorunmasında mühüm amillərdir. Vətən müharibəsində qazanılmış tarixi Zəfər və suverenliyimizin tam bərpası Azərbaycan xalqının iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və xalq-iqtidar birliyinin təntənəsidir. Daha sonra çıxış edən YAP Suraxanı rayon təşkilatının fəal üzvü, 85 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Şəhla Qasımlı real həyat təcrübəsinə əsaslanaraq müxtəlif dövlətlərdə mövcud olan şəraiti müqayisə etmiş, Azərbaycanda təmin olunan sabitliyi, təhlükəsizliyi və sosial rifahı ölkəmizin mühüm üstünlükləri kimi vurğulamışdır.
Görüşün sonunda partiya üzvləri və iştirakçılarla müzakirələr aparılmış, sualları ətraflı cavablandırılmışdır.

Paylaş