YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
23 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
Bu gün Qaraçuuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsi Abbas Fətullayev küçəsi 383 ünvanında yerləşən (2 №-li Uşaq Reabilitasiya Mərkəzi) Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan 2 №-li Uşaq Reabilitasiya Mərkəzinin direktoru Şaban Eyvazov iştirakçıları salamladıqdan sonra 2 oktyabr tarixində keçirilmiş YAP-ın VIII Qurultayında Cənab Prezidentin çıxışından irəli gələn vəzifələrin müzakirəsi məqsədilə təşkil olunmuş görüşdə Qurultayda qəbul edilmiş qərarların və dövlət başçısının dərin məzmunlu çıxışında qarşıya qoyduğu vəzifələrin hər bir YAP üzvünün üzərinə daha böyük məsuliyyət qoyduğunu, ərazi təşkilatlarının işinin daha sistemli və ardıcıl qurulmasının, ideoloji-siyasi işin gücləndirilməsinin və hər bir partiya üzvünün öz əmək fəaliyyətində nümunə göstərməsinin vacibliyini xüsusi vurğulayıb.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək cənab Prezident İlham Əliyevin qurultaydakı nitqinin ölkənin gələcək inkişaf prioritetlərinin və partiyanın qarşısında duran əsas vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi, cəmiyyətdə siyasi həmrəyliyin möhkəmləndirilməsi və partiyanın ictimai nüfuzunun daha da artırılması istiqamətində görülən işlərdən bəhs edib.