Füzulidə həyat yenidən canlanır
Nailə Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin müəllimi
Füzuli rayonu Azərbaycanın cənub-qərb bölgəsində, Araz çayının sol sahilində yerləşir. Mühüm strateji mövqeyi, füsunkar təbiəti, rəngarəng kənd təsərrüfatı, zəngin tarixi ilə diqqət mərkəzində olan Füzuli, milli-mənəvi dəyərlərimizin, qədim adət-ənənələrimizin qorunub saxlanıldığı bölgələrimizdən biridir.
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Füzuli rayonu, tam 27 ildən sonra Azərbaycan Ordusunun peşəkar döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də işğaldan azad edildi. Ali Baş Komandanın rəhbərliyi altında Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağının ucaldılması mühüm bir tarixi zəfər idi. Cənab Prezidentin uzaqgörənliyi, yüksək siyasi təfəkkürü, döyüş bölgələrində əməliyyat planlarının ardıcıllığını düzgün dəyərləndirməsi Azərbaycan tarixində yeni bir səhifənin açılmasına səbəb oldu.
8 ay ərzində inşa olunan və „Qarabağın hava qapısı“adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı isə beynəlxalq ictimaiyyətdə böyük rezonans doğuran hadisə, eyni zamanda ölkə başçısının işğaldan azad olunan torpaqlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Qısa müddətdə nəqliyyat infrastrukturundakı əsaslı yeniliklər, yeni səhiyyə ocaqlarının yaradılması, orta məktəb və musiqi məktəblərinin bərpası, Füzuli şəhəri və ətraf kəndlərin içməli su və elektrik enerjisi ilə təmin olunması xalqımızın Böyük Qayıdış planına olan güvən hissini daha da gücləndirdi.
Bu gün çox inamlı şəkildə qeyd edə bilərik ki, Füzulidə həyat yenidən canlanır. Tarixi zəfərin qazanılmasında həm ön cəbhədə, həm də arxa cəbhədə Azərbaycan əsgəri ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan, böyük fədakarlıq göstərən, qəhrəmanlıq rəmzinə çevrilən şəhid həkimlərimizin əziz xatirəsini də hər zaman yad edirik. Ən ali zirvəyə – Şəhidlik zirvəsinə ruhu ucalan, Vətənə olan sevgisini ölümlə üz-üzə dayanaraq qorxmadan, qürurla etiraf edən hər şəhidin ruhu bu gün şaddır!