Prezident Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaldıb

Aybəniz Əmirova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikasında işğaldan azad olunmuş ərazilərin bərpası və inteqrasiyası prosesində 20 Sentyabr xüsusi əhəmiyyət kəsb edir. Artıq ikinci ildir ki, 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Bu tarix, həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunmasının rəmzidir.
2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaldaraq, bu ərazilərin tam azad olunduğunu dünyaya bəyan etdi.
Müzəffər Ali Baş Komandanın Xankəndiyə səfərləri zamanı bir sıra tarixi və strateji tədbirlər həyata keçirilib. 15 oktyabr 2023-cü ildə Xankəndidə dövlət bayrağı ucaldılıb, şəhərin Kərkicahan qəsəbəsinə baxış keçirilib. 8 noyabrda Zəfər gününə həsr olunan hərbi parad təşkil edilib. Dekabrın 21-də isə “Qarabağ” – MOİK oyunu ilə yanaşı, ilin idman yekunları çərçivəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüş baş tutub.
7 fevral 2024-cü ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xankəndidə keçirilən prezident seçkilərində iştirak edərək səs veriblər. 18 martda Novruz tonqalı alovlandırılıb. 5 iyulda isə Qarabağ Universitetində aparılan işlərə baxış keçirilib və “Qarabağ” və “Palace” otellərinin bərpadan sonra açılışları olub.
19 sentyabr 2024-cü ildə Xankəndidə “Bulud” otelindəki təmir-bərpa işləri ilə tanışlıq, Nizami Gəncəvi adına məktəbin və Dövlət Dram Teatrının təmiri ilə bağlı görüləcək işlər gündəmdə olub.
Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma siyasətinin əsas istiqamətlərindən biri də Xocalı və Ağdərə rayonlarını əhatə edir. Bu bölgələrdə də mühüm infrastruktur və sosial layihələr ardıcıl şəkildə icra olunur.
2023-cü ilin dekabrında Qarabağ futbol klubunun Xankəndidə keçirilən oyunu bölgənin sosial inteqrasiyasının simvoluna çevrildi. Ağdərə şəhərində 15 oktyabr 2023-cü il tarixində Dövlət Bayrağının ucaldılması mərasimi baş tutdu.2025-ci ilin martında isə Sarsang su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılması mühüm nəqliyyat hadisəsi oldu.Ağdərə rayonunun Suqovuşan kəndində yeni tikilmiş yaşayış kompleksinin istifadəyə verilməsi, məscidin açılışı və evlərin sakinlərə təqdimatı həyata keçirilmişdir.
2024-cü ilin iyul ayında Xocalı hava limanına baxış keçirilməsi bölgənin nəqliyyat infrastrukturunun yenidən qurulması baxımından mühüm hadisədir. 2025-ci ilin fevral ayında keçirilən tədbirlər zamanı Əsgəran qala-kompleksinin konsepsiyası təqdim edilmiş, Ballıca kəndində fərdi evlər və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq həyata keçirilmişdir.Eyni zamanda, may ayında “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı reallaşmış, “Qoç Ət” MMC tərəfindən heyvandarlıq kompleksi istifadəyə verilmişdir.
Xankəndi şəhəri təkcə yerli layihələrlə deyil, eyni zamanda beynəlxalq diplomatik təmaslarla da diqqət çəkmişdir. Prezident İlham Əliyev burada Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Pakistanın Baş naziri və Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul etmişdir. Eyni zamanda, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Xankəndidə keçirilmişdir.
Xocavənd rayonunda da genişmiqyaslı inkişaf tədbirləri həyata keçirilir. Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilib və Hadrut qəsəbəsində inzibati mərkəzin təməlqoyma mərasimi keçirilib. Şükürbəyli-Çəbrayıl-Hadrut avtomobil yolunun 8,2 km-lik hissəsinin açılışı da böyük əhəmiyyət kəsb edir. "Hadrut" qovşağı yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı baş tutub.
14 sentyabr 2025-cil tarixində Xocavənd rayonunun Hadrut qəsəbəsində məscidin açılışı,Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşlər keçirilmişdir.
2025-ci ilin avqust ayında Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası ilə bağlı görülən işlər yerində qiymətləndirilmiş, Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşlər keçirilmişdir. Bu tədbirlər rayonun sosial inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
2025-ci ilin sentyabrında keçirilən III Şuşa Qlobal Media Forumu iştirakçılarının Xankəndiyə səfəri regionun beynəlxalq əhəmiyyətini artıran tədbirlərdən biri olmuşdur.Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və Sağlamlıq Elmləri fakültəsinin tədris korpusunun açılışı da elə həmin dövrdə həyata keçirilmişdir. Bu addımlar şəhərin təkcə siyasi və iqtisadi mərkəz deyil, eyni zamanda elm və təhsil mərkəzinə çevrilməsinə zəmin yaratmaqdadır.
2025-ci ilin yay və payız aylarında Xocalının Təzəbinə, Xanyurdu, Badara, Daşbulaq və digər kəndlərində sakinlərlə görüşlər keçirilmiş, kərpic zavodunun və tut bağı təsərrüfatının yaradılması kimi iqtisadi layihələr həyata keçirilmişdir. Bu addımlar bölgədə həm sosial rifahın, həm də yerli istehsal potensialının artırılmasına yönəlib.
Azərbaycanın Qarabağ bölgəsində, xüsusilə Xankəndi, Xocalı və Ağdərə şəhərlərində aparılan infrastruktur və sosial layihələr işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması prosesinin mühüm tərkib hissəsidir. Bu tədbirlər bölgədə dayanıqlı inkişafın təmin olunmasına, sakinlərin normal həyat şəraitinə qayıtmasına xidmət edir. Dövlət və hökumət səviyyəsində göstərilən bu diqqət gələcəkdə Qarabağın Azərbaycan dövlətinin ayrılmaz hissəsi kimi möhkəmlənməsinə zəmin yaradır.