AQEM-də dünya miqyasındakı ikili standartlar sülh prosesinin qarşısını kəsən ən böyük maneə kimi qiymətləndirildi
Şaiq Səfərov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı Rayon İcra Hakimiyyəti nəzdində Layihə-Smeta bürosunun rəisi
Cənubi Qafqazda daimi sabitliyin və qəti sülhün bərqərar olunması Azərbaycan dövlətinin xarici siyasi kursunun təməl prinsiplərindən biridir. Bakının ev sahibliyi etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşündə Prezident İlham Əliyevin bəyanatları ölkəmizin regional təhlükəsizlik mühitinə, qlobal hüquq normalarının toxunulmazlığına və qonşuluq əlaqələrinin sağlam təməllər üzərində qurulmasına verdiyi önəmi növbəti dəfə təsdiqlədi.
Dövlət başçısı öz nitqində aydın şəkildə bildirdi ki, regionda etibarlı gələcəyin yaradılması birbaşa olaraq ölkələrin müstəqilliyinə, ərazi bütövlüyünə şərtisiz ehtiramdan və daxili işlərə müdaxilə edilməməsi prinsipindən asılıdır. Eyni zamanda, dünya miqyasındakı ikili standartlar sülh prosesinin qarşısını kəsən ən böyük maneə kimi qiymətləndirildi.
Azərbaycanın sülhpərvər mövqeyi asan şəraitdə formalaşmamış, çətin və mürəkkəb bir tarixi sınaqdan keçmişdir. Müstəqilliyin ilk illərindən etibarən torpaqlarımızın qanunsuz işğalı, milyonlarla soydaşımızın yurdundan didərgin düşməsi və yaşayış məntəqələrinin viran qoyulması kimi böyük humanitar fəlakətlərlə qarşı-qarşıya qaldıq. BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi məlum dörd qətnamənin onilliklər boyu kağız üzərində qalması qlobal hüquq sisteminin icra mexanizmlərindəki ciddi çatışmazlıqları ortaya qoydu. Ölkə rəhbəri bu acı təcrübəyə istinad edərək vurğuladı ki, beynəlxalq qurumların qərarları sadəcə siyasi bəyanat xarakteri daşımamalı, onların real icrasını təmin edən qətiyyətli addımlarla möhkəmləndirilməlidir.
2020-ci ilin şanlı Vətən müharibəsi və ardınca 2023-cü ilin payızında həyata keçirilən antiterror tədbirləri ilə ölkə suverenliyinin tam bərpası regionun geosiyasi mənzərəsini kökündən dəyişdi. Azərbaycan öz gücü ilə ədaləti bərpa etdikdən sonra intiqam deyil, gələcəyə yönəlik əməkdaşlıq və dövlətlərarası əlaqələrin normallaşdırılması gündəliyini irəli sürdü. Azərbaycanın müharibənin başa çatmasından dərhal sonra Ermənistana uzatdığı sülh əli xüsusi əhəmiyyət kəsb edir. Bu humanist yanaşma sübut edir ki, dayanıqlı hüzur sadəcə silahların susması ile deyil, tərəflərin qarşılıqlı şəkildə öhdəliklərinə sadiq qalması və yeni münaqişə ocaqlarının qarşısının alınması ilə mümkündür.
İki ölkə arasında aparılan danışıqlar və bu çərçivədə əldə olunan hər bir diplomatik irəliləyiş regional barışığın əsas sütunlarını təşkil edir. Sülh sazişinin layihəsi üzrə əldə edilən razılaşmalar, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsi prinsipləri üzərində qurulan diplomatik təmaslar prosesin gələcəyini müəyyən edir. Hazırda bu siyasi razılaşmaların real və qalıcı nəticələrə çevrilməsi birbaşa olaraq tərəflərin öz üzərilərinə götürdükləri öhdəlikləri ardıcıl, səmimi və tam şəkildə yerinə yetirməsindən asılıdır.
Barışığın daha da möhkəmlənməsi üçün digər bir təməl sütun regional iqtisadi tərəfdaşlığın, nəqliyyat dəhlizlərinin və kommunikasiya xətlərinin canlandırılmasıdır. Azərbaycan Şərqlə Qərbin qovşağındakı əlverişli geosiyasi mövqeyindən maksimum yararlanaraq regionlararası inteqrasiyanın güclənməsinə, ticarət əlaqələrinin şaxələndirilməsinə və ortaq mənafelərə əsaslanan kooperasiyanın inkişafına mühüm töhfələr verir. Logistik marşrutların təkmilləşdirilməsi, tranzit potensialının artırılması və ticari bağların dərinləşməsi bölgə ölkələrini bir-birinə iqtisadi cəhətdən bağlayaraq hüzurlu gələcəyə əlavə təhlükəsizlik rəhni qazandırır. Bu sahədə irəliləyiş əldə etməyin fundamental qaydası isə hər bir suveren subyektin hüquqlarına hörmətlə yanaşmaq, əldə olunmuş razılıqları tam yerinə yetirmək və qarşılıqlı güvəni qorumaqdır.
Ölkəmizin AQEM sədri qismində çıxış etdiyi müddətdə nəqliyyat-bağlantı, rəqəmsal transformasiya, ekoloji təhlükəsizlik, turizm, elm və təhsil kimi sahələri ön plana çıxarması rəsmi Bakının qlobal və regional dialoqa verdiyi strateji önəmin bariz nümunəsidir. Sadalanan platformalar üzrə tərəfdaşlığın genişləndirilməsi dövlətlərin bir-birinə olan etibarını artırır və kollektiv maraq dairəsinin yaranmasına zəmin hazırlayır. Bununla yanaşı, Azərbaycanın qlobal arenada müdafiə etdiyi bərabərhüquqluluq, müstəqilliyə sayğı və problemlərin hüquq müstəvisində həlli prinsipləri Cənubi Qafqazda gərginliyin tamamilə aradan qaldırılmasında həlledici rol oynayır.
Yekun olaraq qeyd etmək olar ki, Cənubi Qafqazda qalıcı hüzurun təminatı diplomatik anlaşmaların kağızdan real həyata köçməsindən, qarşılıqlı etimad mühitinin dərinləşməsindən, iqtisadi inteqrasiyadan və beynəlxalq hüquqi normaların prinsipial şəkildə qorunmasından keçir. Azərbaycan dövlətinin qəti mövqeyinə görə, keçmiş iddiaların və qarşıdurmaların bir daha baş qaldırmaması üçün sülh sadəcə bəyanat deyil, real məsuliyyət və qarşılıqlı ehtiram üzərində ucalmalıdır. Bölgənin gələcək sabitlik perspektivləri də məhz bu fundamental prinsiplərin praktikada tətbiq olunmasından, qonşuluq münasibətlərinin sağlamlaşdırılmasından və birgə inkişaf imkanlarının dəyərləndirilməsindən asılıdır.