Təranə Rüstəmzadə
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsi zamanı səmimi və maraqlı çıxışı ilə diqqət çəkib. O müsahibə zamanı qeyd edib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. Və biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Bununla yanaşı, neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb və bu, bir ölkə üçün çox əhəmiyyətli nailiyyət hesab edilməlidir.
Prezident İlham Əliyev iqtisadi vəziyyəti təhlil edərək bildirib ki, son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı da təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu isə onu göstərir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb. Ümumilikdə 2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarət olacaq. Əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. 2026-cı ilin sonunadək 140 min insanın-keçmiş məcburi köçkünlərin yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır.
Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir. Həmçinin Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı da Avropa Komissiyasının müraciətinə müsbət cavab verilib. Ümumiyyətlə, işğal dövründə iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Genişmiqyaslı iqtisadi islahatlar aparılır ki, büdcədə daha çox vəsait toplansın. Gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib. Düşünürük ki, bağlantı layihələrindən də böyük həcmdə mənfəət əldə olunacaq.
Prezident İlham Əliyev müsahibəsində qeyd edir ki,Azərbaycanın daxilində risklər yoxdur. Ölkəmizin çox sabit siyasi sistemi, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra. Son iki ildə Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri arasında və Mərkəzi Asiya ölkələrinin özləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir. Sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın Azərbaycanda investisiyaları durmadan artır. Biz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır.
Cənab İlham Əliyev regionda mövqeyimizə də toxunaraq dedi ki, Azərbaycanın qonşularla münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Bizim Avropa təsisatları ilə münasibətlərimizin də öz müsbət dinamikası var. Sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Və Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırlayıb: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır.
Ölkə başçısı öz Avropanın nüfuzlu kanalında müsahibəsində onu da vurğulayıb ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Qayıtmaq istəyən hər kəsin mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Demək lazımdır ki, Qarabağ ermənilərinin hüquqları təmin olunacaqdır. Onların dil, tədris, din, bələdiyyə hüquqları da nəzərə alınıb. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər.
Sonda Prezident cənab İlham Əliyev xüsusi qeyd edib ki,əgər azərbaycanlılar və ermənilər dünyanın müxtəlif yerlərində birlikdə yaşaya bilirsə, indi Azərbaycanda və Ermənistanda bu nə üçün namümkün olsun? Onlar əlbəttə, birlikdə yaşaya bilərlər.