Əziz Şuşa, biz qayıtmışıq
Nailə Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin müəllimi
Doğma Azərbaycanımızın ən gözəl güşələrindən biri, milli musiqimizin beşiyi, tarix, mədəniyyət, mənəvi dəyərlərimizin mərkəzi olan Şuşa şəhəri 1992-ci il 8 may tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Mühüm strateji mövqeyi olan Şuşa tam 28 il düşmən tapdağı altında qaldıqdan sonra 2020-ci il noyabrın 8-də Azərbaycan ordusunun məqsədyönlü döyüş əməliyyatları ilə işğaldan azad olundu.
Prezident İlham Əliyev noyabrın 8 -də and yerimiz olan Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciət edərək çox böyük qürur hissi ilə Şuşanın isğaldan azad olunmasını bəyan etdi. Şuşanın azadlığı mühüm tarixi zəfər, beynəlxalq ictimaiyyətdə isə böyük rezonans doğuran hadisə idi. Ali Baş Komandanın rəhbərliyi altında Şuşa şəhərində Azərbaycan Bayrağının ucaldılması tarixi dönüm nöqtəsi oldu.
Azərbaycan ordusunun Şuşa istiqamətində inamlı şəkildə irəliləməsi əməliyyat planlarının ardıcıllığının düzgün dəyərləndirilməsinin bariz nümunəsidir. Dövlət başcısının uzaqgörənliyi, hadisələri doğru təhlil etməsi tariximizdə yeni bir səhifənin açılmasına səbəb oldu. Şuşanın azadlığı uğrunda son anadək mübarizə aparan Azərbaycan əsgəri isə qəhrəmanlıq və sərhədsiz fədakarlıq simvoludur.
Şuşa azad olunduqdan sonra çox qısa müddət ərzində Ali Baş Komandanın xüsusi diqqət və qayğısı nəticəsində yeni səhiyyə ocaqlarının yaradılması, orta məktəb, musiqi məktəblərinin bərpası, şəhərin mərkəzi və ətrafının içməli su və elektrik enerjisi ilə təmin olunması istiqamətində genişmiqyaslı layihələr həyata keçirildi. Bu gün ölkəmizdə keçirilən dövlət əhəmiyyətli böyük tədbirlərin əksəriyyətinə Şuşa şəhəri ev sahibliyi edir.
Çox inamlı şəkildə deyə bilərik ki, Şuşada həyat yenidən canlanır. Şuşalılar üzücü, uzun ayrılığın , həsrətin ardından böyük sevinc və güvən hissi ilə Şuşaya qayıdır. Füsunkar təbiət öz doğma sakinlərini sevgi ilə qarşılayır.
İndi Ulu Öndər Heydər Əliyevin, Üzəyir bəyin, Natəvanın, Bülbülün, Vaqifin ruhları şaddır. Çünki Şuşa yenidən bizimlədir! Cənab Prezidentin də söylədiyi kimi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!”