Azərbaycan artıq dünya arenasında beynəlxalq işgüzar tədbirlərin keçirildiyi bir mərkəz kimi tanınır

Azərbaycan artıq dünya arenasında beynəlxalq işgüzar tədbirlərin keçirildiyi bir mərkəz kimi tanınır
Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru
Hər il olduğu kimi, bu il də dünyanın müxtəlif ölkələrindən enerji sənayesinin liderlərini, o cümlədən dövlət rəsmilərini, energetika və sənaye nazirliklərini və aparıcı beynəlxalq təşkilatlarının rəhbərlərini bir araya gətirən “Bakı Enerji Həftəsi” 30-cu yubileyini keçirməklə bir daha dünya mediasının diqqət mərkəzində olmağı bacarmışdır. Üç əsas tədbiri bir araya gətirməyə nail olan Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə nüfuzlu və etibarlı bir enerji qaynağına sahib olduğunu göstərməkdədir. Bu da Azərbaycanın artıq dünya arenasında beynəlxalq işgüzar tədbirlərin keçirildiyi bir mərkəz kimi tanınmasına səbəb olmuşdur.
İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi, “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum” un rəsmi açılışında iştirak etmişdir. Tədbirin ilk açılışını isə Böyük Britaniyanın “ICA Events” şirkətinin İdarə Şurasının müşaviri Tomas Hard etmişdir. O, çıxışında Prezidentimiz Cənab İlham Əliyevə öz xüsusi minnətdarlığını bildirərək bu tədbirin Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətin kəsb etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyinə, SOCAR-a , bütün dəyərli tərəfdaşlarımıza, bu mühüm tədbirlərin həyata keçirilməsində əvəzsiz dəstəyi olan bütün qurumlara sonsuz təşəkkürünü bildirmişdir. Bu yubiley münasibətilə hər kəsi təbrik edən T.Hard tribunaya Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevi dəvət etdi.
Dövlət başçımız da öz növbəsində bütün təşkilatçılara Azərbaycanın enerji gündəliyini davamlı olaraq dəstəklədiklərinə görə minnətdarlığını bildirmişdir. Prezident İlham Əliyev Azərbaycanın bugünkü uğurunun heç də asanlıqla əldə edilmədiyini vurğulayaraq 30 il bundan öncəki Azərbaycanın faciələrlə dolu olan halları, ölkədəki vətəndaş qarşıdurması, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində yaranan böhranlı vəziyyət, enerji resurslarının qıtlığı gələcəklə bağlı qaranlıq mənzərə yaradacağını düşündürürdü. Lakin Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, tədbirli siyasəti nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan üçün siyasi uğurun başlanğıc nöqtəsi oldu. Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik bir dövlətdir. Neft və qazın bizim ÜDM –də payı təqribən 30 faizdən artıqdır. Biz milli sərvətimizin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırırıq. Biz ixrac coğrafiyasıının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar aparmaqla sərmayələrimizin artımını təmin edirik. Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizi inkişaf etdirməklə , əslində qonşuluqda olan dövlətlərlə də enerji əməkdaşlığımızı gücləndirmiş oluruq.
Həmçinin İlham Əliyev Azərbaycan iqtisadiyyatı haqqında olan gələcək planlarından danışaraq 2030-cu ilədək qaz ixracının 8 milyard kubmetrə qədər artacağını və xarici bazarlara təklif ediləcəyini vurğuladı.Yəni Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialı bir məsələdir. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi daha da artırmış olur. İşğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı da uğurlu strateji yanaşmalardan sayılır.
Prezidentimiz çıxışının sonlarına yaxın Bakıda keçirilən COP-29 haqqında danışaraq həqiqətən də, Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirin çox uğurlu şəkildə baş tutduğunu dilə gətirdi. Dünya dövlətləri arasında bu tədbirin ”Bakı sıçrayışı” adlandırılması bizim bir çox hədəflərimizə çatdığımızdan xəbər verir. Məhz inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketini də COP 29-da elan etməklə Azərbaycanın necə yardımsevər bir ölkə olduğunu bir daha dünya ictimaiyyəti qarşısında sübut etmiş olduq.
Bir daha nitqinin sonunda dövlət başçımız tədbir iştirakçılarını təbrik edərək bu bir neçə gün ərzində ölkəmizdə baş tutacaq tədbirlərin uğurlu keçirilməsi üçün arzu və diləklərini dilə gətirdi. Beləliklə, ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də “yaşıl enerji “kimi mövzuların ”Bakı Enerji Həftəsi “ çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutması əslində Azərbaycanın bütün dünyanı bürüməkdə olan qlobal bəlaların həlli yollarının aradan qaldırılmasında müstəsna rol oynadığının göstəricisi olduğunu görürük.