Suraxanı rayonunda, “Bayraq ucaldıqca Zəfər yaşayır” adlı tədbir keçirilib
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbdə Zəfər bayramı münasibətilə “Bayraq ucaldıqca Zəfər yaşayır” adlı tədbir keçirilib. 7 noyabr tarixində 208 nömrəli tam orta məktəbdə 8 noyabr - Zəfər gününə həsr olunmuş tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Novruz Əhmədov, məktəbin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib. Məktəbin direktoru Ləman Hacıyeva, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Novruz Əhmədov çıxış edərək bu tarixi günün əhəmiyyətini və önəmini böyük qürur və fəxr hissi ilə tədbir iştirakçılarına çatdırıb, 44 günlük müharibə dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin əldə etdiyi şanlı qələbədən bəhs ediblər.
Tədbir bayram ovqatı ilə davam edib. Məktəbin şagirdləri vətənpərvərlik mövzusunda, qələbə əhval-ruhiyyəli şeirlər və musiqi nömrələri ilə bu əlamətdar günü qeyd ediblər.