Pakistan və Azərbaycan dərin milli-mənəvi və mədəni əlaqələrə malikdir
Pakistan Azərbaycanın dostudur, qardaşıdır. Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanın müstəqilliyini tanıyan ilk üç dövlətdən biri məhz Pakistandır. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri açılıb.
Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. Bu cür ədalətli qərar qəbul edən və dəstələyən ölkələrin sayı bu ədalətsiz dünyada elə də çox deyil.
Ölkələrimiz arasında münasibətlərin dinamik yüksəlişi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxt ki, Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan və Pakistan prezidentləri Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini dəfələrlə bəyan ediblər. 1996-cı ilin aprelində isə Ulu Öndər Heydər Əliyevin dost ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyıb. Pakistan və Azərbaycan dərin milli-mənəvi və mədəni əlaqələrə malikdir. Bu münasibətlər illər ərzində daha da möhkəmlənərək, yüksələn xətlə inkişaf etmişdir.
44 günlük Vətən müharibəsi zamanı, Azərbaycanın torpaqları işğal altında olduğu dövrdə Pakistan Azərbaycana birmənalı yüksək səviyyədə siyasi, mənəvi dəstək verib. Nüvə dövləti olan Pakistan Azərbaycan istəyəcəyi təqdirdə, hətta ordusu ilə ona dəstək verməyə hazır olduğunu bəyan edib. 44 günlük İkinci Qarabağ Müharibəsi dövründə yadda qalan məqamlardan biri də ölkə boyu hər yerdə - küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı üçüncü ölkənin də bayrağının qaldırılması idi. O bayraq Pakistanın idi.
Azərbaycanın Qarabağ müharibəsində tarixi qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisə idi. Azərbaycan - Pakistan strateji dostluğunun tarixi kökləri, əlaqələrin daha dərin tarixi bağları var. Bu əlaqələrin əsasının qoyulması Azərbaycanın tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. XX əsrin əvvəllərində Pakistanda yerli əhali arasında kütləvi pandemiya yayılıb. İnsanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyişirdi. Həmin vaxt azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Bu hadisədən sonra qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edir. Beləliklə, Pakistanda 1940- cı illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır və Hacı Zeynalabdin Tagıyevin ruhuna dualar oxuyur. İndi ki,zamanda da Azərbaycan tərəfdən xeyriyyəçilik ənənələri qorunub saxlanılır. Heydər Əliyev Fondunun xətti ilə Pakistanda zəlzələdən zərərçəkmiş məktəblər təmir edilib və bir sıra humanitar aksiya həyata keçirilib.
Son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Ölkələr arasında münasibətlər qarşılıqlı dəstək üzərində qurulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib. Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.
Bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.
Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistana qətiyyətli mövqeyinə görə minnətdarıq. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan-Pakistan dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə formalaşıb və bütün istiqamətlərdə uğurlu inkişafını davam edir.