Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır
Aytac Cabbarova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
"Aqrar İnkişaf Könüllüləri" Təşkilatı İctimai Birliyinin sədri
Bildiyimiz kimi gənclər siyasəti ölkəmizdə son illər geniş vüsət almışdır. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, gənclik Azərbaycanın bu günü və gələcəyidir. Bizim üzərimizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır.
Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.
Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Gənclər hər bir ölkənin gələcəyini formalaşdıran əsas qüvvədir. Onların təhsili, sosial rifahı və inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanda gənclərin inkişafı üçün müxtəlif dövlət proqramları, fondlar və layihələr həyata keçirilir. Dövlət proqramları çərçivəsində gənclərə təhsil almaq və ixtisaslarını artırmaq üçün geniş imkanlar yaradılır. Xaricdə təhsil proqramları, müasir universitetlər və innovativ tədris metodları bunun bariz nümunəsidir.
Azərbaycan hökuməti gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək, onları dövlət idarəçiliyinə cəlb etmək üçün müxtəlif tədbirlər həyata keçirir. Azərbaycan Gənclər Fondu və Gənclər və İdman Nazirliyi bu sahədə mühüm rol oynayır. Gənclərin sağlam həyat tərzi sürmələri üçün idman kompleksləri tikilir, beynəlxalq və yerli yarışlar təşkil olunur. Bu, həm fiziki inkişaf, həm də ölkənin beynəlxalq idman arenalarındakı uğurlarına töhfə verir.
Azərbaycan dövləti və qeyri-hökumət təşkilatları (QHT-lər) gənclərin şəxsi və peşəkar inkişafına kömək etmək üçün müxtəlif proqramlar həyata keçirir. İnnovasiya mərkəzləri və startap layihələri gənclərin ideyalarını reallaşdırmaq üçün geniş imkanlar yaradır.
Gənclərin ən aktiv fəaliyyətini cana bahalarına olan 44 günlük Vətən Müharibəsində qəhrəmancasına mübarizə aparmaqlarını böyük qürurla deyə bilərik. Yalnız vətənimizdə deyil, dünyada nümunə göstərilən igid həmyaşıdlarımız vardır. Müxtəlif şəkildə baş verən təbii fəlakətlərdə göstərilən sosial yardımın, pandemiya şəraitində gənclərimizin könüllü şəkildə vətəndaşlara xalqa yardım etməsinin rolu əvəzedilməzdir.
Gənclər Günü təkcə bayram deyil, həm də gənclərin inkişafı və problemlərinin həlli müzakirəsi üçün vacib bir gündür. Bu günün qeyd olunması gənclərin potensialını üzə çıxarmaq və onların cəmiyyətə töhfəsini artırmaq üçün bir fürsətdir. Azərbaycan dövləti və ictimaiyyət gənclərə hər zaman diqqət və qayğı göstərir, onların bilik və bacarıqlarını inkişaf etdirmələri üçün yeni imkanlar yaradır.