Zəngilanın azad edilməsi İranla dövlət sərhədimizi tam bərpa etdi

Zəngilanın azad edilməsi İranla dövlət sərhədimizi tam bərpa etdi

Nizaməddin Ağcayev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktoru

20 oktyabr- Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi və zəfər tariximizin silinməz salnamələrindəndir. Bu gün Zəngilanın azadlığına qovuşduğu tarixdir. Ali Baş komandan cənab İlham Əliyevin uzaqgörənliyi, Azərbaycan ordusunun igidliyi və xalqımızın birliyi sayəsində Zəngilan düşmən tapdağından azad edildi.  Döyüşlərin 24-cü günü 2020-ci il oktyabrın 20-si qısa bir müddətdə Zəngilanın azad olunması ordumuzun qüdrətini və erməni yalanlarını bütün dünyaya göstərdi. Zəngilanın azad olunmasının siyasi əhəmiyyəti böyükdür.  

Zəngilanın azad edilməsi ilə Azərbaycan İranla dövlət sərhədini tam bərpa etdi. Rayon İranla həmsərhəd olmaqla yanaşı, Qubadlıya açılan qapı idi. İlham Əliyevin də qeyd etdiyi kimi bölgənin ərazi bütövlüyünün bərpasında Ulu öndər Heydər Əliyevin rolu danılmazdır. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər edən Prezident İlham Əliyev 2020-ci il dekabrın 23-də Zəngilanda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. Prezident İlham Əliyevin sərəncamına əsasən, 2020-ci il noyabrın 26-da "Zəngilanın azad olunmasına görə" medalı təsis edildi və Silahlı Qüvvələrimizin 6974 hərbi qulluqçusu bu medal ilə  təltif olundu.

Yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Zəngilan rayonu tranzit nöqteyi-nəzərdən İran ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər.  Habelə, o, Kəlbəcər-Laçın iqtisadi rayonunda Kəlbəcərdən sonra ikinci sənaye əhəmiyyətli rayondur.  Orada mis və qızıl təşkil edən “Vecnəli” yatağı, üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, Bartaz-I və Bartaz-II porfirit, gil və qum-çınqıl qarışığı yataqları mövcuddur. Erməni işğalçıları tərəfindən bu yataqlar  illərlə istismar olunmuşdur.

Zəngilan rayonu güclü turizm potensialına malik ərazilərimizdəndir. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bu zonada yerləşir. Bəsitçay qoruğunda yerləşən Şərq çinarı "Qırmızı Kitab"a daxil edilib. Təəssüflər olsun ki, Şərq çinarı erməni işğalçıları tərəfindən kəsilərək yüngül sənayedə və digər biznes məqsədləri üçün istismar edilmişdir.

Oktyabrın 29-da ermənilər tərəfindən işğal olunan Zəngilanda 27 il ərzində bütün infrastruktur, tarixi və dini memarlıq abidələri dağıdılıb. Zəngilanın qədim məscidləri, türbələri, pirləri, qalaları və nekropolları dini və mədəni kimliyimizin  bariz nümunəsi idi. Bu irsin bərpası bu gün xalq olaraq milli qürurumuzun bərpası kimi qəbul olunur. Mədəni-mənəvi bərpa prosesinin də simvolu Zəngilan şəhər məscidinin bərpası oldu. XIX əsrdə inşa edilmiş, işğal dövründə təhqir olunaraq tövləyə çevrilmiş bu məscid Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən dirçəldildi.

Paylaş