Qubadlının azadlığı, tarixi ədalətin bərpası və xalqımızın sarsılmaz iradəsinin rəmzidir
İlahə İsmayılova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 85 nömrəli tam orta ümumtəhsil məktəbinin əməkdaşı
Qubadlı rayonu 1933-cü ildə yaradılıb. Azərbaycanın cənub-qərbində yerləşən rayon tarixən zəngin təbiəti, münbit torpaqları, çayları və kənd təsərrüfatı ənənələri ilə seçilib. Rayonun yaşayış məntəqələrinin əksəriyyəti Həkəri və Bərgüşad çaylarının ətrafında yerləşir. Qubadlı 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun on minlərlə sakini doğma yurdunu tərk edərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Uzun illər ərzində rayonun yaşayış məntəqələrinə, sosial infrastrukturuna, mədəniyyət abidələrinə və dini ibadətgahlarına ciddi ziyan vurulub.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Qubadlının da azadlığına qovuşmasını təmin etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının vahid amal ətrafında birləşməsi, Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti və hərbçilərimizin misilsiz qəhrəmanlığı torpaqlarımızın işğaldan azad edilməsində həlledici rol oynadı. Qubadlı uğrunda döyüşlərdə göstərilən igidlik Azərbaycan əsgərinin Vətən sevgisinin, qətiyyətinin və fədakarlığının parlaq nümunəsidir.
Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların qəhrəmanlığının dövlət səviyyəsində qiymətləndirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Həmin döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları müvafiq dövlət təltiflərinə layiq görülüblər.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olunub. Həmin Sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Bu əlamətdar gün Qubadlının azadlığının, tarixi ədalətin bərpasının və xalqımızın sarsılmaz iradəsinin rəmzidir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qubadlının yenidən qurulması, müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2025-ci il sentyabrın 9-da “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi şəhərin gələcək inkişafı və müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər Qubadlıda həyatın yenidən canlanmasına, sosial-iqtisadi inkişafın sürətlənməsinə və sakinlərin doğma yurdlarına qayıdışına xidmət edir. Vaxtilə doğmalarının xatirələri, uşaqlıq illəri və zəngin tarixi ilə bağlı olan bu torpaq bu gün yenidən qurulur, gələcəyə doğru inamla addımlayır.
Qubadlı Şəhəri Günü xalqımızın tarixi Zəfərinə, şəhidlərimizin müqəddəs xatirəsinə, qazilərimizin qəhrəmanlığına və Azərbaycan Ordusunun yenilməzliyinə ehtiram günlərindən biridir. Bu şanlı tarixlər bir daha sübut edir ki, xalqımız öz doğma torpaqlarına bağlılığını heç vaxt itirməyib, dövlətimizin ərazi bütövlüyünün bərpası naminə əzmlə mübarizə aparıb. Bu gün azad Qubadlının timsalında Zəfərin bəhrələri, Böyük Qayıdışın ümidləri və Azərbaycanın quruculuq əzmi öz təcəssümünü tapır.