Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi, Vətən müharibəsi qazisi
Qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqı dünya sivilizasiyasına xeyli dəyərli töhfələr verib. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsi ilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin daş abidələr şəklində daşların yaddaşına həkk olunaraq bu günədək yaşayır. Tarixi faktlar sübut edir ki, zaman-zaman Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə edib.
Dili qorumaq vətənimizi ölkəmizi qorumaqdır. Dili qorumaq tariximizi qorumaqdır. Ana dilimiz xalqımızın əvəzsiz sərvətidir. Milli sərvətimizi qorumaqda onun keşiyində durmaqda hamımızın borcudur. Ana dili ömrümüzə məna verən, onu gözəlləşdirən, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır. Xalq şairi Səməd Vurğun ana dilini xalqın namusu, tarixi, vicdanı adlandırırdı.
Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda möhtərəm Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çox davam etmişdir. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi Ulu Öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində mümkün olmuşdur.
Azərbaycan dilinin siyasi-hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılan addımlardan biri də ulu öndərin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı oldu. Fərmanda həm dilimizin tarixi ilə bağlı bir sıra incə və həssas məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Fərmanda, həmçinin müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılması qeyd olunur və bu məqsədlə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyulurdu.
Ulu öndər Heydər Əliyev əzəmətli görkəmi, gur, məzmunlu səsi ilə şifahi danışığındakı məntiqi, emosiyanı bir qədər də gücləndirir və dinləyicilərdə, onların hisslərində dərin iz qoyar - eyni zamanda şifahi nitq hər hansı natiqi auditoriya üçün daha anlaşıqlı, daha çox dərk olunan edərdi.
Biz dahi xilaskarımız, Ulu öndər Heydər Əliyevdən doğma xalqa, Vətənə, Azərbaycana yorulmadan xidmət etməyi, milli-mənəvi dəyərlərimizin keşiyində dayanmağı, müqəddəs sərvətimiz olan Azərbaycan dilini sevməyi, bu dildə danışmaqdan qürur duymağı öyrənməliyik. Biz Heydər Əliyevdən əsl Azərbaycançılığı, vətənçiliyi, milliliklə dünyəviliyin ahəngdar vəhdətini, bir sözlə, Heydər Əliyevçiliyi öyrənməliyik.