Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil
Elmira Ələkbərova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin direktoru
2020-ci il 10 noyabr tarixində Azərbaycan və Ermənistan arasında Üçtərəfli Bəyanat imzalanmışdır. Bəyanata əsasən, Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizlikdir və Azərbaycan heç vaxt bununla razılaşmayacaq. Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir.
Əvvəllər də Ermənistan vaxt qazanmaq üçün bütün məsələləri gecikdirirdi. Nəticədə təbii ki, həm siyasi arenada, həm də döyüş meydanında məğlub oldular. Otuzillik işğal dövrü erməni xalqını heç də xoşbəxt etmədi. Əksinə, dünya ictimaiyyəti onları işğalçı və təcavüzkar bir millət kimi tanıdı. Müharibədən sonra dünya onların işğal dövründə torpaqlarımızı viran qoyduqlarını gördü. Zəngəzur əhlizinin açılması gələcək regional sülhün fundamental elementlərin biridir. Azərbaycanın bunu tələb etməyə haqqı var. Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq Azərbaycanın bunu tələb etməyə mənəvi haqqı çatır.
Digər bir məsələ Azərbaycanda yaşayan ermənilərlə bağlıdır. Azərbaycan Respublikasının Prezidentin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri Paşinyanın Brüsseldə baş tutmuş üçtərəfli görüşün nəticələrinə dair cənab Şarl Mişel tərəfindən yayılmış bəyanatda aydın şəkildə deyilir ki, Qarabağda yaşayan erməni əhalisinin də hüquqları və təhlükəsizliyi nəzərə alınacaq. Azərbaycan tərəfi bunu tam şəkildə dəstəkləyir. Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Yəni, Azərbaycanın Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər.
Hüquqlar və təhlükəsizlik məsələləri ölkəmiz tərəfindən təmin ediləcək. Lakin, təəssüflər olsun ki, Azərbaycan Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsinin şahidi olur. Bu, tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Azərbaycanın ərazisində belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb.
Status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq var idi. Təəssüflər olsun ki, bu, baş verir və bunun çox ciddi nəticələri ola bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Bizim tarixi nöqteyi-nəzərdən bunu etməyə hüququmuz var. Tarixə nəzər salsaq bunu çox aydın görmək olar. Ötən əsrin tarixində göstərilir ki, 1920-ci ilin noyabrında, sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Əgər Qarabağdakı ermənilər status tələb etməyə cəhd edəcəksə, nə görə azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu bizi çıxılmaz bir vəziyyətə gətirib çıxaracaq. Ermənistan hökuməti İkinci Qarabağ müharibəsini unutmamalıdır və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir.